Newscenter.az.14.02.2022. Dünyada baş verən qlobal iqlim dəyişikliyi və iqtisadi böhran digər sahələrlə yanaşı, kənd təsərrüfatına da öz mənfi təsirini göstərir.
Newscenter.az xəbər verir ki, “Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqda yüksək məhsulun alınması üçün düzgün aqrotexniki qulluq işləri aparılmalı və düzgün gübrələmə tətbiq olunmalıdır. Məhsuldarlığın artırılması və dənin keyfiyyət göstəricilərinin daha yaxşı olması üçün gübrənin düzgün seçilməsi vacibdir”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda taxılçılıqda əsas yemləmə gübrəsi kimi amonium şorasından (silitradan) daha çox geniş istifadə olunur: “Amonium şorasının tərkibində 34,7%, karbamid gübrəsində isə 46,2% təsiredici maddə hesabı ilə azot var. Aparılan tədqiqat işləri və qoyulan təcrübələr göstərir ki, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri baxımından karbamid gübrəsi silitradan heç də geri qalmır. Tərkibində azotun yüksək dərəcədə olması karbamidə iqtisadi cəhətdən üstünlük qazandırır. Eyni zamanda, karbamid gübrəsinin üstünlüyü ondan ibarətdir ki, bu gübrənin satış qiyməti silitra gübrəsinə nisbətən təxminən 2 dəfə ucuzdur. Bitkiyə fiziki çəki hesabı ilə yemləmə şəklində bir hektara 200 kiloqram verilir. Aprel ayının ikinci yarısında isə kökdən kənar yemləmə formasında hektara 20-30 kiloqram olmaqla 200-250 litr suda həll edilməklə verilir. Fevral ayında verilən 100 kiloqram karbamid gübrəsi ziqzaq mala vasitəsilə (yaşıl mala) torpağa qarışdırılmalıdır”.
Faiq Xudayevin sözlərinə görə, karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır: “Eyni zamanda, bitkinin yaşıl qalma müddətini uzadır ki, nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur. Fermerlərimizə fevralın ikinci ongünlüyündən başlayaraq hər hektar əkin sahəsinə fiziki çəkidə 100 kiloqram karbamid verib yaşıl mala ilə torpağa qarışdırmağı tövsiyə edirəm”.
Sevinc