Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gördüyü işlər Ermənistandakı revanşist qüvvələrə tutarlı cavabdır



Newscenter.az.16.02.2022. Cənab Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə mütəmadi səfərləri bir ənənə halını almaqla yanaşı, həm də bu ərazilərdə gedən sürətli bərpa və yenidənqurma işlərinə şəxsən nəzarət etmək məqsədi daşıyır.

Bu baxımdan Ağdam şəhərinə səfər də mühüm əhəmiyyətə malikdir. Bu səfər zamanı Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır.

Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Burada yaşayacaq ağdamlıların işlə təmin olunması üçün əlavə addımlar da atılacaq və bununla yanaşı, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq.
Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda elektrik yarımstansiyalarının sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Bundan başqa, burada yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi də işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb.

İşğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir və təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini, həm də Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.
Bütün bu görülən işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. Müxtəlif xarici şirkətlər də artıq bu işlərdə fəal iştirak edir və bu şirkətlərin sayı artmaqdadır.

İşğaldan azad olunmuş bütün şəhərlərimizin Baş plan əsasında yenidən qurulması nəzərdə tutulur. Ağdamın, Füzulinin Baş planları artıq təsdiq edilib. Hazırda isə digər şəhərlərin Baş planları işlənilir.

Ağdam Cümə məscidi Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscidin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə bütün tarixi və dini abidələr bərpa olunacaqdır. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb.
İşğaldan azad olunmuş ərazilərimizdə tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

Artıq münaqişə başa çatıb və Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh müqaviləsi imzalanmalıdır.

Heç şübhə yoxdur ki, bu gün gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə tutarlı cavab olacaqdır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş