Newscenter.az.16.02.2022. Fevralın 16-da Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Newscenter.az xəbər verir ki, söhbət zamanı Polşa Prezidenti 2019-cu ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu, ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Polşa Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunub və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğulayıb.
Söhbət əsnasında Ukrayna ətrafında cərəyan edən hadisələrə dair fikir mübadiləsi də aparılıb.