Newscenter.az.21.02.2022. “Dövlət idarəçilik sistemində yeni təsisatların yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Xüsusilə də, dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir, demokratik simasının yeni və mütərəqqi əlamətidir. Eyni zamanda, Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addımdır. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə deyə bilərik ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Bu mənada, Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir”.
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsi idi:
“Təsadüfi deyil ki, bu gün Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Məhz, Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatıb və peşəkarlıq amilinin aktuallığını artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarizması, yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb. Elə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etməsi də onu isbatlayır ki, bu institut ölkəmizin ictimai-siyasi və sosial həyatının önəmli faktoruna çevrilib”.
“Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edib” - deyən Ramil Vəlibəyov əlavə edib ki, Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb:
“Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunub. Lakin onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir. Heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə görə layiq görülmüş təltiflərinin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Eyni zamanda, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin edilməsi də onun Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyinin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümü idi”.
Ramil Vəlibəyov vurğulayıb ki, Mehriban xanım Əliyeva hər zaman cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərib:
“Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edib. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edib və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görüb. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırıb. Ölkədə idman hərəkatının davamlılığını təmin edib, ekoloji problemlərin həllinə dəstək göstərib, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir, Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına xüsusi diqqət və qayğı göstərir. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Bir sözlə, Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini tarixi və milli-mənəvi dəyərlərə sadiqlik, xalqın rəğbət və sevgisi üzərində qurub. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə bu gün də uğurla fəaliyyət göstərir”.
Ruhiyyə