Newscenter.az.21.02.2022. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Dövlət idarəçilik sistemində yeni təsisatın təşəkkül tapması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü olmaqla yanaşı, özündə idarəetmənin səmərəlilik və çevikliyinin artırılmasını ehtiva edirdi. Ölkəmizdə siyasi islahatların tərkib hissəsi olan bu addım Mehriban Əliyevanın uzun illərdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında oynadığı mühüm və fəal rolu daha da gücləndirdi.
Mehriban xanım Əliyeva uzun illərdir ki, cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir.
Bu gün əminliklə deyə bilərik ki, 5 il əvvəl - 2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyətinə başlaması dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr bu gün təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Birinci vitse-prezident Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində mühüm layihələr reallaşdırır, ölkədə idman hərəkatının davamlılığını təmin edir, ekoloji problemlərin həllinə dəstək göstərir, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı uğurla həyata keçirir.
Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması isə tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharət və ustalıqla gəlir.
Bu gün Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri, qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilib. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.
Ötən il isə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin edilməsi isə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Bu gün onun timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə görə layıq görüldüyü təltiflərin hər birinin arxasında bilik, ağıl, iradə, peşəkarlıq, təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası isə xalqına, dövlətinə, insanlığa sevgi dayanır. Beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir.
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladlarına, valideynlərinə və doğmalarına, qazilərimizə Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılanır.
Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi tanıtması Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. O, ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Mehriban xanım Əliyeva uzun illər ərzində bu çoxşaxəli uğurlu fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq mükafatlarla təltif olunmuşdur, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir.
Jalə Əhmədova-Milli Məclisin deputatı