Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsi gözlənilmir



Newscenter.az.21.02.2022. Ukrayna ətrafında yaxud da Rusiya və Ukrayna arasındakı mövcud gərginliyin davam etdiyi vaxtda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın nüfuzlu CBS telekanalının suallarını cavablandırıb.

Rusiyalı diplomat öz açıqlamasında bir sıra vacib məqamlara toxunub. Antonovun verdiyi açıqlama zamanı iki ifadəsi diqqəti daha çox cəlb edir.

1. “Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir".
2. “Bu gün problem Ukraynada deyil, problem gələcəkdə dünya düzəninin necə olacağıdır. Əsas məsələ hamı üçün möhkəm təhlükəsizlik təminatlarının birgə hazırlanmasıdır”.

Rus diplomatın “Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir" ifadəsi ilə Ukrayna sərhəddindənki 100 mindən artıq Rusiya ordusunun cəmləşməsi arasında ciddi ziddiyətlər görünməkdədir. O zaman sual ortaya çıxır; artıq 1 aydan çoxdur ki, rus ordusunun bir hissəsi Ukrayna sərhəddindədir. Əgər doğurdan da onlar təlim keçmək niyyətindədirlərsə, niyə bu müddət ərzində təlimi keçirməyiblər? Deməli, burada Rusiya üç tərəfə mesaj vermək niyyətindədir.

1. Ukraynaya demək istəyir ki, mən istəmədikcə sən müstəqil addım ata bilməzsən.
2. Qərbə bildirir ki, mənim sərhəddimə yaxınlaşdıqca yaxınlaşmaq istədiyiniz dövlətləri hədəf halına gətirirsiniz.
3. Beynəlxalq birliyə göstərir ki, mən müharibə istəmirəm, amma məcburi şəkildə məni müharibəyə cəlb edirlər.

Rus diplomatın “Bu gün problem Ukraynada deyil, problem gələcəkdə dünya düzəninin necə olacağıdır. Əsas məsələ hamı üçün möhkəm təhlükəsizlik təminatlarının birgə hazırlanmasıdır” ifadəsinin işlətməsi ondan xəbər verir ki, Rusiya üçün əsas narahatedici məsələ gələcək təhlükəsizliyi ilə bağlı Qərbin vermədiyi təminatdır. Yəni, Rusiya demək istəyir ki, Qərb dövlətləri təminat vermədikcə istənilən cəht uğursuz olacaq.

Başda ABŞ olmaqla NATO dövlətlərinin bəziləri, xüsusilə də ABŞ, Böyük Britaniya və Kanadadan Ukraynaya silah tədarükü davam etməkdədir. Demək olar ki, bu tendensiya hər gün davam etməkdədir. Sözügedən dövlətlər Ukraynaya verdikləri silah-sursat dəstəyi barədə açıqlama verərkən bildirirlər ki, bunu etməkdə əsas məqsəd Ukraynanın müafiə qabiliyyətini Rusiya qarşısında artırmaqdır.

Nəhayət, Rusiya-Ukrayna arasındakı gərginlik, rus diplomatın açıqlamaları, Qərb ölkələrinin müharibənin hər an başlaya biləcəyi ilə bağlı açıqlama verməsi və s. məsələlər onu göstərir ki, burada əsas məqsəd Qərb və Rusiya tərəfi Ukrayna üzərindən öz məqsədlərinə çatmağı planlaşdırırlar. Əlbəttə ki, burada Ukrayna burada məqsədə çatmaq üçün vasitə hesab edilir.

Fikrimcə, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsiz gözlənilmir, baxmayaraq ki, Rusiya qoşunları Ukrayna sərhəddində cəmləşdirilib. Üstəlik də Belaruda Rusiya və Belarus qoşunları təlim keçir. Eyni zamanda Rusiya yaxşı başa düşür ki, əgər Ukraynaya hərbi müdaxilə edərsə, bu ona qarşı ciddi sanksiyalara gətirib çıxarar ki, nəticəsi Rusiya iqtisadiyyatı üçün yıxıcı ola bilər. Ona görə də hesab etmək olar ki, tərəflər arasındakı gərginlik ciddi toqquşmaya səbəb olacağı gözlənilmir.

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov
Xəbəri paylaş