Newscenter.az.21.02.2022. 44 günlük Vətən Müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq Ermənistanda separatçı qüvvələr hələ də öz məkirli niyyətlərindən əl çəkmirlər. Separatçı qüvvələr Ermənistanın ağır məğlubiyyətindən nəticə çıxarmalı, unutmamalıdırlar ki, "Dəmir Yumruq" hər zaman yerindədir və istənilən an düşmənin başını əzməyə qadirdir. Törədəcəkləri təxribatların cavabı çox sərt və ağır olacaq.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan hər zaman regionda sülhün və sabitliyin təmin olunmasına çalışmış, sülhsevər və ədalətli mövqe nümayiş etdirsə də, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Ermənistanda seperatçı qruplaşmalar regionda sülhə və təhlükəsizliyə böyük təhdiddir:
“Ermənistan inkişaf və tərəqqi istəyirsə, ilk növbədə faşizm və separatçı siyasətindən əl çəkməli, Azərbaycana qarşı təxribatlara əl atmamalıdır. Ermənistan hakimiyyəti və xalqı anlamalıdır ki, onların inkişafı yalnız və yalnız Azərbaycandan asılıdır”.
Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyev hər zaman öz humanist, sülhsevər mövqeyini ortaya qoymuş və Ermənistanın inkişafı üçün mövcud şərtləri açıqlamışdır. Ölkə başçısının qeyd etdiyi kimi Ermənistanın inkşafı üçün də yeganə yol var:
“Öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək”.
Ermənistanın mövcud böhran və tənəzzüldən yeganə xilas yolu Azərbaycanın yaratdığı yeni reallıqları və şərtləri qəbul etməkdən ibarətdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, əks halda, Ermənistanda mövcud olan böhan daha da dərinləşəcək, dizi üstə çökmüş Ermənistanın bir dövlət kimi mövcudluğu şübhə altına düşəcək.
Ruhiyyə