Newscenter.az.22.02.2022 Bu gün Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən beş il ötür. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın dövlət idarəetmə sistemində vitse-prezident vəzifəsi yenilikdir. İlk dəfə, 2016-cı ildə konstitusiya dəyişiklikləri ilə bağlı keçirilmiş ümumxalq referendumunda vitse-prezidentlik institutu yaradıldı və 21 fevral 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə hörmətli Mehriban xanım 1-ci vitse-prezident təyin olundu.
İlk geniş tərkibli müşavirəni ən həssas məsələ hesab olunan qaçqınların və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına həsr etməklə, ən ağır sahə hesab olunan sosial siyasətlə bağlı bütün məsuliyyəti boynuna götürmüş oldu.
Nəticə özünü çox gözlətmədi. Minlərlə insan yeni mənzillərlə təmin olundu. Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinin hər birinə 11 min manat birdəfəlik yardımlar verildi. Əlillərin bərpa mərkəzləri yaradıldı. Məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət obyektləri tikildi.
Vətən müharibəsinin başlanması ilə bağlı yeni reallıqlar meydana çıxdı. Əlavə olaraq, üç minə yaxın şəhidlərimiz, minlərlə qazilərimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər. Şəhidlərin dəfn mərasimlərinin təşkili, dövlətin ayırdığı maliyyə vəsaitindən əlavə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Heydər Əliyev” fondunun ayırdığı yardımlar, onların hər birisinin ailə qayğılarından tutmuş, qazilərin sağlamlıqlarının bərpa olunması, mütəmadi şəkildə hərbi hospitallarda müalicə alan yaralı əsgərləri ziyarət etməsi, ən çətin anlarda, dövlətin öz vətəndaşının yanında olduğunu göstərdi.
Mehriban xanımın fəaliyyətinin digər istiqamətləri isə, təhsil, mədəniyyət, milli-mədəni dəyərlərimizin qorunması, tarixi abidələrin bərpası, gənclər, idman siyasətini təşkil edir. Tarixi Qələbədən sonra işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və orada həyata keçirilən tarixi abidələrin, məscidlərin bərpasına bilavasitə rəhbərlik etməsi, onun milli dəyərlərə nə qədər önəm verdiyinin göstəricisidir.
Son beş ildə sadalanan hər bir sahədə son dərəcə əhəmiyyətli nəticələr əldə olunmuşdur. UNESKO və İSESKO- un xoşməramlı səfiri kimi Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri həmin təşkilatlatın reestrinə salınmışdır. Milli mədəniyyətin beynəlxalq səviyyədə tanıdılması və təbliği istiqamətində inqlabi dəyişiklərə nail olunmuşdur. Hörmətli Mehriban xanımın həm birinci vitse-prezident kimi, həm də uzun illər rəhbərlik etdiyi “Heydər Əliyev” fondu vasitəsilə həyata keçirdiyi coxşaxəli fəaliyyətini əhatə etmək üçün saatlarla və daha çox vaxt lazımdır. Azərbaycan xalqı, bu barədə hər tərəfli məlumatlıdır. Ən əsası hesab edirəm ki, hörmətli Mehriban xanımın əməyinə verilən ən yüksək qiymət, xalqın ona olan sevgisidir. Bu günün reallığı ondan ibarətdir ki, şəxsi həyatında müxtəlif problemlərlə üzləşənlərin, imkansız ailələrin, biganəlikdən, məmur özbaşınalığından əziyyət çəkən insanların son ümid yeri, istinad nöqtəsi Mehriban xanım Əliyevadır.
Ötən beş il il göstərdi ki, hörmətli birinci vitse-prezidentin yüksək biliyi, peşəkarlığı, intellekti, humanizmi, xeyirxahlığı, enerjisi bütün bu missiyaların öhdəsindən layiqincə gəlməyə əsas verir.
Bütün bunlarla yanaşı, məxsusi olaraq bir məsələni də qeyd etmək istərdim. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə birinci xanım obrazının yaradılması da Mehriban xanımın adı ilə bağlıdır. Dövlətlərarası münasibətlər sistemində “Birinci xanım” institutu çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım öz fəaliyyəti və ələlxüsus ölkə xaricində təmsilçiliyi ilə, ən yüksək şəkildə müasir Azərbaycan qadını obrazını formalaşdırmışdır.
Mən gələcək fəaliyyətində hörmətli Mehriban xanım Əliyevaya möhkəm can sağlığı, möhtərəm Prezidentimizlə birlikdə ölkəmizin inkişafı naminə gördükləri işlərdə uğurlar arzulayıram.
Nəsib Məhəmməliyev -Milli Məclisin deputatı