Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub



Newscenter.az.22.02.2022. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında görüş keçirilib. Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşdə “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib.

Newscenter.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Respublikamızda quşçuluq sahəsinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən şöbə müdiri bu sahədə fəaliyyət göstərən sahibkar və fermerlərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Araz İsmayılov “Ölkədə quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov quşçuluğun daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Şöbə müdiri quşçuluq şirkətlərinin idxal olunan yem və yem əlavələrinin ƏDV-dən azad olunması ilə bağlı təkliflərinin ümumiləşdirilərək Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri tərəfindən hökumətə təqdim edildiyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları quşçuluğun inkişafına dair fikirlərini bölüşüblər. Tədbirdə ölkədə quşçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.

Toplantının sonunda “Quşçular Cəmiyyəti” İctimai Birliyinin adının dəyişdirilərək “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi adlandırılması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra qurumun nizamnaməsinə dəyişikliklər təsdiq edilib. Səsvermə nəticəsində Mürvət Həsənli Assosiasiyanın sədri seçilib, assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb, birliyə yeni üzvlər seçilib.

Qeyd edək ki, İctimai Birliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.

Sevinc
Xəbəri paylaş