[/center]
Newscenter.az.22.02.2022. Moskvada Azərbaycan və Rusiya dövlət başçılarının imzaladıqları müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dünyada mövcud geosiyasi reallıq və Vətən müharibəsindən sonra regionumuzda formalaşmış yeni situasiya baxımından böyük diplomatik uğurdur. Yerləşdiyimiz Avrasiya regionunun iki aparıcı dövləti – qardaş Türkiyə və qonşu Rusiya ilə strateji müttəfiqliyi əks etdirən bəyannamələrin (Şuşa və Moskva Bəyannamələri) imzalanması dövlətimizin diplomatik müstəvidə əlverişli “təhlükəsizlik çətiri” əldə etməsi deməkdir. Son bir neçə ilin əsas diplomatik trendi olan Türkiyə-Rusiya yaxınlaşması fonunda Azərbaycanın bu münasibətlərin daha da möhkəmlənməsində regional körpü rolunu oynaması dövlətimizin və xalqımızın firavan, sabit və təhlükəsiz gələcəyi istiqamətində atılmış möhkəm əsaslı təməldir.
Bəyannamə 43 bənddən ibarətdir. Yəni sənəd iki dövlət arasında miqyaslı və hərtərəfli spektri əhadə edən sferalarda əməkdaşlığı tənzimləyəcək. Belə böyükhəcmli sənədin ərsəyə gəlməsi qarşılıqlı hörmətə və bərabərhüqüqlu münasibətlər sisteminə əsaslanan əlaqələr deməkdir. Hər bir dövlət başçısının başlıca vəzifəsi dövlətinin və xalqının firavan, tərəqqi və inkişafa əsaslanan yaşayışını təmin etməkdir. İmzalanmış dövlətlərarası sənəd ölkəmizin kənar təsirlərdən qorunması baxımından olduqca əhəmiyyətlidir. Bu sənədin ən azı regional rezonansını görmək üçün Ermənistan mediasında bəyannamənin bəndlərinə verilən əks reaksiyaya nəzər yetirmək kifayətdir.
43 bənd iki dövlət arasında siyasi, diplomatik, iqtisadi və s. sahələrdə əməkdaşlıq üçün bir mayak rolunu oynayacaq. Bəndlərin hər biri istisnasız olaraq xalqımızın maraqlarına xidmət edir. Ancaq mövcud aktuallıq kəsb edən olaylar və əsasən də Ermənistanla mövcud münasibətlərimiz prizmasından baxarkən 3 bəndə xüsusi diqqət yetirməmiz lazımdır. Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, tərəflər aralarındakı əlaqələri müstəqilliyimizə, ərazi bütövlüyümüzə, sərhədlərin toxunulmazlığına münasibətdə qarşılıqlı hörmətə əsaslanaraq qururlar. Postsovet regionunda baş verən son hadisələr fonunda bu, olduqca önəmlidir. 11-ci bənddə ölkələrimiz ərazilərimizdə bir-birimizin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətin qarşısını almaq öhdəliyini üzərlərinə götürürlər. 18-ci bənddə isə bildirilir ki, tərəflər bir sıra neqativ fəaliyyət növlərinə, o cümlədən, separatizmə qarşı səylərini birləşdirəcəklər.
Fikrimcə, tək bu üç bənd bəyannamənin maraq və mənafelərimizi tam əks etdirdiyinin əyani təcəssümüdür. Ayrıca olaraq prezidentlərin birgə bəyanatlarında 10 noyabr bəyanatından irəli gələn bütün bəndlərin icrasının vacibliyinin vurğulanmasını da xüsusi qeyd etməliyik. Təqribən 1 il ərzində hazırlanan bəyannamənin imzalanması cənab Prezident İlham Əliyevin nail olduğu növbəti miqyaslı diplomatik uğurdur. Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan.
Elnur Allahverdiyev-Milli Məclisin deputatı