Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Udmurtiya Hökuməti Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlığı inkişaf etdirməyə maraqlıdır



Newscenter.az.22.02.2022. “Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya Respublikası rəhbərinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi - Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Newscenter.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuzun əldə etdiyi Böyük Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının iqtisadi-ticari potensialı, ixrac və investisiya imkanları ilə bağlı məlumatları bölüşüb. Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını qeyd edib.

Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin təqdimatı olub. Təqdimatlar dəmir yolu avadanlıqlarının, metal konstruksiyaların, məmulatların və hissələrinin, təhlükəsizlik sistemlərinin işlənib hazırlanması və istehsalı, obyekt tanıma sistemləri, dəmir yolu keçidləri üçün avtomatika və digər sahələri əhatə edib. Şirkət nümayəndələri dispetçerlik, nəqliyyat və real vaxt rejimində çalışan yüksək yüklü idarəetmə sistemləri sahəsində proqram təminatının hazırlanması, yük daşımaları sahəsində avtomatlaşdırılma, informasiya texnologiyaları ilə bağlı təkliflərini irəli sürüblər. Bildirilib ki, həmin şirkətlər “Rusiya Dəmir Yolları” ASC, eləcə də bir sıra ölkələrin dəmir yolu nəqliyyatı qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

Sevinc
Xəbəri paylaş