Newscenter.az.22.02.2022. Azərbaycan və Udmurtiya Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının Udmurtiya Respublikası başçısının Rusiya Federasiyasının Prezidenti yanında daimi nümayəndəsi Mixail Xomiç, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə olunduğu bildirilib.
Udmurtiya nümayəndə heyəti respublikasının iqtisadi-ticarət potensialına, ixrac və investisiya imkanlarına həsr olunmuş təqdimat keçirib. Təqdimatlarda qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələr, o cümlədən Udmurtiyanın kənd təsərrüfatı potensialı barədə geniş məlumatlar yer alıb.
Qonaqlara Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Udmurtiya Respublikasının Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib.
Tərəflər Azərbaycanla Udmurtiya arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
Sevinc