Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya birliyi gənc müstəqil dövlətləri xarici təhdidlərdən, təcavüzlərdən qorumalıdır



Newscenter.az.24.02.2022. Biz azərbaycanlılar ədalətsiz müharibənin və işğalın bütün dəhşətlərini yaşamış, son 30 ildə separatçılıqdan və terrordan daim əziyyət çəkmiş bir xalq kimi, bir ölkə kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edirik, dəstəkləyirik. Hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.

Biz bu gün səhər saatlarında Ukraynaya hücum edən Rusiyanı da, habelə Ukraynanı aylardan bəri oyuna gətirməyə çalışan, onu nə yolla olursa olsun Rusiya ilə qarşıdurmaya sürükləyən Qərbi də (ABŞ-ı, NATO-nu) Ukraynanın ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmağa çağırırıq. Çünki bu onların bilavasitə borcudur, öhdəliyidir.

Dünya birliyi gənc müstəqil dövlətləri xarici təhdidlərdən, təcavüzlərdən qorumalıdır. Bu da dünya birliyinin borcu və vəzifəsidir. Bu gün Ukraynanı taleyin ixtiyarına buraxan dünya birliyinə, beynəlxalq təşkilatlara sabah heç bir ölkə, heç bir siyasi lider güvənməz və inanmaz.
Beynəlxalq təhlükəsizlik, beynəlxalq hüquq sadəcə gəlişigözəl sözlərə, mücərrəd anlayışlara çevrilməməlidir. Böyük dövlətlər beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar, gənc müstəqil ölkələrin seçimlərinə hörmətlə yanaşmalıdırlar.

Ümumiyyətlə, beynəlxalq münasibətlərdə "cəngəllik qanunları" hökm sürməməlidir. BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar öz öhdəliklərini ləyaqətlə yerinə yetirməyə çalışmalıdırlar. Onlar beynəlxalq hüquqa, sülh və təhlükəsizliyə inamın sarsılmasına yol verməməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş