Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Moskva bəyannaməsi Azərbaycanı daha da gücləndirməklə yanaşı, ölkəmizə yeni imkanlar qazandırır”



Newscenter.az.24.02.2022. Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində imzalanmış Moskva bəyannaməsi tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəd olmaqla yanaşı, həm də hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri özündə ehtiva edir.

Bu gün Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Moskva bəyannaməsi də bu baxımdan ölkəmizə müstəqil siyasətin aparılması üçün əlavə zəmanət verir. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə imzalanmış Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə əlavə təminatdır. Bu bəyannamə Azərbaycanı daha da gücləndirir. Belə ki, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanın rəsmən təsdiqidir.

Azərbaycanın qazandığı hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, ölkəmizin regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyətə malikdir və hər iki bəyannamə də bu məqsədə xidmət edir.

Bu gün dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını baxımdan çox vacibdir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiyanın, habelə siyasi iradənin, güc və bacarıqların təzahürüdür.

Qeyd etmək lazımdır ki, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi və Rusiya ilə imzalanmış Moskva bəyannaməsi arasında çox ciddi fərq var. Belə ki, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir-birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə isə bu cür müddəalar yoxdur.

Moskva bəyannaməsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistanın vəziyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımız kimi böyük rol oynayır. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bizə müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və Azərbaycan müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazırdır.

Əminliklə deyə bilərik ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlərə imza atacaqlar.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş