Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibədən əziyyət çəkən sadə ukraynalıları fikirləşən yoxdur



Newscenter.az.24.02.2022. Sosial şəbəkələrdə, mətbuat səhifələrində Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı müxtəlif materiallar, şəkillər, videolar yayılmaqdadır. İnformasiyaların əksəriyyətinin manipulyasiya, yaxud feyk olması bəlli olsa da, reallıq odur ki, artıq döyüşlər gedir.

Şübhəsiz ki, 30 il ərzində torpaqları işğal altında qalmış, son 200 il ərzində dəfələrlə qətliama, soyqırımına məruz qalmış xalqın nümayəndəsi, dövlətin vətəndaşı olaraq hərbi təcavüzə haqq qazandıra bilmərəm. Təbiidir ki, Azərbaycanda da elə bir insan tapılmaz. Elə Azərbaycan dövlətinin də rəsmi mövqeyi Ukraynanın ərazi bütövlüyü istiqamətindədir. Rəsmi Bakı hər zaman Kiyevin yanında olub, ona dəstəyini ifadə edib. Hətta, Prezident İlham Əliyevin təxminən 1 ay öncə Ukraynaya səfəri zamanı qarşılıqlı əməkdaşlıq sənədlərinin imzalanması, dəstək bəyanatının verilməsi də yuxarıdakı fikirləri təsdiqləyir.

Belə bir vəziyyətdə isə sual yaranır ki, görəsən, hansı səbəbdən radikal müxalifət və onun xaricdəki uzantıları “Ukraynanı müdafiə pərdəsi” altında Azərbaycan hakimiyyətini və dövlətini hədəfə alıblar? Bir halda ki, iddia olunur Rusiya Ukraynaya hərbi təcavüz edir, o zaman hədəf niyə Azərbaycan olmalıdır? Yaxud sualı belə qoyaq: təcavüz edən Rusiya, təcavüz olunan Ukraynadır. Bəs, araya niyə Azərbaycan sığışdırılır?
Bu suallara cavab axtararkən bir reallığı görməmək mümkün deyil: başda Əli Kərimli, Arif Hacılı olmaqla bir qrup marginal “rəngli inqlablar”ın dəstəkçilərindən xüsusi tapşırıq alıblar ki, Azərbaycan dövlətini qaralayın, Ukrayna məsələsindən istifadə edib hakimiyyətə təzyiqlər edin. Əslində, siyasi sifariş və məqsəd tamamilə açıqdır. Hakimiyyət xülyasında olan, vaxtilə Ukraynada vətəndaş qarşıdurması baş verəndə utanmadan boynuna narıncı şarf taxıb veyillənən Kərimli, Hacılı kimilər Ukraynaya olan hərbi təcavüzdən də qazanc götürmək istəyirlər. Bu, “qrantomoyşiklər” nə üçün Kuçma, Yanukoviç hakimiyyətə olanda Ukraynaya belə “sevgi” nümayiş etdirmirdilər? Hansı səbəbdən ancaq Sorosun maliyyəsi ilə hakimiyyətə gələn Yuşşenko, Timoşenko kimiləri “sevirlər”? Məgər, kərimlilərin, hacılıların sevgisinin “pultu” da Sorosun əlindədir?

Hərdən də fikirləşirsən ki, xoş olmasa da, belə hadisələr baş verir və özünə saxta libas biçənlərin əsil simaları ortaya çıxır. Necə ki, hər kəs radikal müxalifətin saxta Ukrayna “sevdası”nın ifşasını müşahidə edir.

Bir də ki, Rusiyanın Ukrayna ilə olan hərbi qarşıdurması hər birimiz üçün növbəti dərs olmalıdır. 2008-ci ildə eyni ilə həmin Qərb Gürcüstanda Saakaşvilini qızışdırdı və nəticə necə oldu, bunu hər kəs bilir. İndi də Ukraynada Zelenskini qızışdırdılar və meydanda tək buraxdılar. İşləri-gücləri ancaq bəyanat vermək, hədələməkdir. Amma müharibədən əziyyət çəkən sadə ukraynalıları fikirləşən yoxdur. Görəsən, həmin Qərbin sanksiyaları həyatını itirmiş, yaşayışı pozulmuş, sabitliyi əlindən alınmış ukraynalılara məlhəm olacaqmı? Əlbəttə ki, yox. Necə ki, bu gün İraq, Suriya, Yəmən, Sudan, Venesuela hələ də eyni ssenarili oyunların zərbələrindən ayıla bilmirlər.

Ona görə də, hər bir xalq sabitliyinin, dövlətçiliyinin qədrini bilməlidir. İstər Soros, istərsə də Qərb heç zaman sadə insanların vəziyyətini düşünməz. Elə onların pulları ilə uşaqlarına xaricdə bahalı həyat quran Əli Kərimli, Arif Hacılı kimiləri də maraqlandırmaz. Bir daha başa düşülməlidir ki, populizm və populist siyasətçilər dövlətçilik və xalqın gələcəyi üçün çox təhlükəlidirlər. Sorosun maliyyəsi ilə qurulan “banan hakimiyyət” təcrübələri isə xalqlara ancaq zillət, anarxiya, xaos və geriləmə gətirir. Xüsusilə də, Qərbin diqtəsi ilə böyük dövlətlərin savaş meydanında “piyada” olaraq ayaqlar altına atılma ənənəsi də kiçik milli dövlətlərə bir növ dərs olmalıdır.

Yaxşı olar ki, Kərimli, Hacılı qaragüruhçuları bu saxta sevgi şousunu buraxsınlar və partiyalarının saxta hesabatları ilə məşğul olsunlar, qurultaya hazırlaşıb yerlərini cavanlara versinlər...

Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş