Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi uzunmüddətli olmayacaq



Newscenter.az.24.02.2022. Uzun müddətdir söylənilənlər getdikcə gerçəkləşməyə başlayıb. Rusiya beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Ukraynanın beynəlxalq birlik tərəfindən qəbul edilmiş ərazilərinin işğalı prosesinə başlayıb. Verilən məlumatlardan belə qənaətə gəlmək olar ki, Rusiya tərəfi iddia etdiyi kimi təkcə Donetsk və Luqansk "respublikaları"nı müdafiə etmir, eyni zamanda paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bir neçə iri şəhərlərini artileriya və hava hücumundan atəşə tutub.

Əlbəttə ki, Ukrayna bu məsələdə sakit qalmayacaq və hesab etmək olar ki, ciddi müqavimət göstərəcək. Bugün əksər ekspertlərin şərhini oxuyarkən bir məsələ diqqəti çəkir ki, Rusiya daha genişmiqyaslı hərbi əməliyyatlara keçid edəcək yaxud edə bilər.

İlk baxşıda belə təəssürat yaransa da, hadisələri belə geniş miqyas alacağı o qədər inandırıcı görünmür. Təbii ki, bunun da özünə görə bir neçə səbəbinin olduğunu demək mümkündür.

1. Rusiya yaxşı başa düşür ki, onun Ukraynaya müdaxiləsi Qərb ölkələrinin ona qarşı sanksiyalar paketini işə salması üçün fürsətlər yaradır və əgər hərbi əməliyyatların miqyası genişlənərsə, sanksiyalar paketinin də miqyası genişlənə bilər.
2. 2008 və 2014-cü illərdən fərqli olaraq 2022-ci ildə dünya siyasi arenasında bəzi dövlətlər daha da inkişaf edərək önə çıxmağa başladı. Türkiyə də bu dövlətlərdən biridir. Eyni zamanda Türkiyə və Ukrayna arasında 16 oktyabr 2020-ci ildə imzalanmış hərbi sahədə müttəfiqlik münasibətləri də mövcuddur. Son nəticədə Türkiyə imzaladığı müqavilənin şərtlərini yerinə yetirməyə məcbur ola bilər.
3. Rusiya tərəfi yaxşı başa düşür ki, onlar 5 dekabr 1994-cü ildə ABŞ, Böyük Britaniya, Ukrayna, Qazaxıstan və Belarusla birgə Budapeşt Memorandumuna imza atıb və həmin memorandumda atdığı imza ilə Ukraynanın təhlükəsizliyinə ABŞ və Böyük Britaniya ilə birgə zəmanət verib. Əlbəttə ki, bu zəmanəti 2014-cü ildə pozub artıq. Əgər bu tendensiya davam edərsə, Qərb ölkələri, xüsusilə də ABŞ və Böyük Britaniya həm Ukraynaya silah-sursat yardımını daha da artıracaq, həm də fürsətdən istifadə edib sanksiyaları daha da çoxaldacaq.
4. Belə olan halda Rusiya ilə digər dövlətlər arasında bağlanan müqavilələrin Rusiya tərəfindən icra edilməsi də şübhə altına düşmə ehtimalını özündə saxlayır.

Nəzərə alsaq ki, rus oliqarxlarının əsas maliyyə vəasitləri və mülkləri Avropada, xüsusilə İngiltərədədir, o zaman vəziyyətin hansı istiqamətə getdiyini daha aydın şəkildə görmək mümkümdür.

Almaniya Rusiya iqtisadiyyatı üçün vacib əhəmiyyətə malik "Şimal Axını 2" layihəsinə lisenziya vermək məsələsini dayandırdı. Bu isə Rusiya üçün heçdə yaxşı nəsə vəd etmir. Odur ki, Rusiyanın Ukraynanı tam şəkildə işğal etmək planı o dərəcədə real görünmür.

Rusiya, xüsusilə də Putin administrasiyası üçün kiçik də olsa hərbi əməliyyatlar lazım idi. Ona görə ki, artıq uzun müddətdir Rusiya Ukrayna sərhəddinə qoşunlar yığmaqda davam edirdi. Eyni zamanda onun tələbləri Qərb ölkələri tərəfindən təmin edilməməsi də ölkədaxilində ciddi narazılıq yarada bilər ki, bu da Putinin nüfuzunun həm ölkə daxilində, həm də ölkə xaricində zədələnməsi deməkdir. Bütün bu addımları hesablayan Kremil rəhbərliyi bu işlərin sonunda sanksiyalar paketinin işə düşməsini göz önünə alsalar da belə bunu etməyə məcbur idilər.
Hadisələrin gedişi bundan sonrakı proseslərin hansı istiqamət üzrə davam edəcəyini göstərəcək.

Hesab edirəm ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi uzunmüddətli olmayacaq. Əgər bu hal baş verərsə, nəticəsi Rusiya üçün daha ciddi fəsədlar verə bilər.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri
Xəbəri paylaş