Newscenter.az.24.02.2022. “Bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı erməni faşizminin bariz təzahürüdür. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 100-dən artıq sakin yaralanmış və şikəst olmuşdur. Günahsız mülki vətəndaşlara, dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı bəşəri dəyərlərə, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Xocalı soyqırımına ilk qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə Xocalı soyqırımını törədənləri xüsusi bəyanatla ittiham etmişdir. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verdi:
“Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildi. Həmçinin Ümummilli Liderimiz Heydər Əliyevin 1997-ci il fevral ayının 25-də imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur”.
Bu illər ərzində Xocalı soyqırımının dünya miqyasında tanıdılması və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli iş aparılmış, bir sıra beynəlxalq tədbirlər və kompaniyalar keçirilmişdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, eyni zamanda Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da əvəzolunmaz rolu vardır. Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün dünyanın 20-yə yaxın ölkəsində parlament səviyyəsində, ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyaraq, qətliam kimi qiymətləndirmişdir:
“44 günlük Vətən müharibəsində şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Ermənistan ordusunu darmadağın edərək Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın qanı yerdə qalmadı. Vətən müharibəsində Ermənistan ordusu üzərindəki parlaq qələbədən sonra Azərbaycan xalqı Xocalı soyqırımını, Xocalı qurbanlarının qisasını almış qalib və qürurlu xalq kimi yad edir”.
Ruhiyyə