Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tacikistan-Azərbaycan Hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib



Newscenter.az.24.02.2022. Düşənbədə Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib. İclasda Azərbaycanı komissiyanın həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Newscenter.az xəbər verir ki, iclasda Tacikistanla Azərbaycan arasında iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətini salamlayan Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavki Zakizoda iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan və Tacikistanın bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq etdiyini deyən həmsədr bildirib ki, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, iki ölkə arasında münasibətlər dərin tarixə və mədəni köklərə söykənir. Bu dəyərlər bütün sahələrdə etibarlı tərəfdaş kimi birgə əməkdaşlığın əsasını təşkil edir. Dövlət başçılarının müxtəlif formatlarda keçirdiyi görüşlər, prezidentlər və xalqlarımız arasında dostluq əlaqələri bu münasibətlərin daha da inkişafını təmin edir.
Müzakirələr zamanı bildirilib ki, iki ölkə arasında siyasi əlaqələr kimi iqtisadi əlaqələrin də inkişafında artım tempi müşahidə olunur. Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin həcmi artır. İki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək.

İclasda Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, Ələt azad iqtisadi zonasının imkanları ilə tanış olmaq üçün tacik iş adamlarının Azərbaycana səfəri, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, aqrar sahədə texnologiyalar transferi, təhsil, elmi tədqiqatlar, turizm və mədəniyyət sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Tərəflər hazırda fəaliyyət göstərən sənaye sahəsində Azərbaycan-Tacikistan işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirib, aqrar sahədə əməkdaşlığı daha da genişləndirmək üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

İclas içştirakçıları Azərbaycan və Tacikistanın ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı daha da genişləndirməyi qərara alıblar.

Müzakirələr başa çatdıqdan sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın 5-ci iclasının protokolu imzalanıb. Protokola əsasən komissiyanın növbəti iclası Bakıda keçiriləcək. İclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

İclasdan sonra kənd təsərrüfatı naziri İnam Kərimovun Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zakizoda və kənd təsərrüfatı naziri Sulaymon Ziyozoda ilə ikitərəfli görüşü keçirilib. Görüşlərdə Tacikistan tərəfi Azərbaycanın texnologiyalar parkı və aqroparkların yaradılmasında böyük təcrübəsi olduğunu, tacik iş adamlarının bu təcrübədən yararlanmaq istədiyi bildirilib. Bundan başqa Azərbaycan iş adamlarının Tacikistanda yaradılan azad iqtisadi zonalara sərmayə yatırması təklif olunub. Bildirilib ki, bu addımlar iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da inkişafına, ticarət dövriyyəsinin artmasına təkan verəcək. Eyni zamanda Tacikistan tərəfi Azərbaycanın heyvandarlıqda süni mayalanma və bitkiçilik, meyvəçilik, istixana şəraitində tərəvəz istehsalı təcrübəsinə da ciddi maraq göstərir.
Görüşlərdə Azərbaycanın qeyd olunan sahələrdə, o cümlədən kənd təsərrüfatının elektronlaşdırılması sahəsində təcrübəsini Tacikistanla bölüşməyə hazır olduğu vurğulanıb. Tərəflər sitrus bağlarının salınması, şərabçılıq, konserv istehsalı sahəsində birgə müəssisələrin yaradılmasını, bu sahəyə dair qarşılıqlı təcrübə mübadiləsi aparılmasını vacib sayıblar.

Sevinc
Xəbəri paylaş