Newscenter.az.24.02.2022. Şahmatda belə bir qayda var: rəqibi sənin istədiyin gedişləri oynamağa məcburetmə. Belə durumlarda əksər hallarda əsas çıxış yolu qəfildən hansısa ciddi fiqurlardan birini qurban verib, yeni vəziyyət yaratmaq olur!
İndi ABŞ da Ukrayna taxtası üzərində Rusiyanı məhz onun gözlədiyi addımları atmağa vadar edir: Rusiya artıq müharibəyə başlayıb, Ukraynanın şərqini tamamilə işğal edərək özünə birləşdirmək, ən azından bu mərhələdə Qara dəniz sahillərini tutaraq Krıma quru yolununun əldə edilməsinə nail olmaq istiqamətində hərbi əməliyyatlarını durmadan davam etdirir... O biri tərəfdən də Qərb bütün dünyanı Putinə qarşı birləşmək yönündə səfərbər etməyə çalışır!
Belə durumda hər şeyi qəfildən Putinin lehinə dəyişəcək ən gözlənilməz gediş Ukrayna hakimiyyətinin parçalanması və saray çevrilişinin baş tutması ola bilər.
Hadisələrin Qərbin ssenarisi üzrə davam etməsi indi xeyli dərəcədə Zelenskinin xarakterindən, psixoloji dayanıqlılığından, Putinin lehinə dəyişməsi isə Rusiya kəşfiyyatının Ukrayna hakimiyyəti daxilindəki gücündən asılı olacaq.
Çox böyük ehtimalla, Rusiya ordusu Zelenski hakimiyyətini parçalanmağa vadar edən situasiya yarananadək əməliyyatlarını davam etdirəcək.
Qərbin Suriyada Bəşər Əsədə tətbiq etdiyi taktikanı indi Rusiya Zelenskiyə qarşı tətbiq edir: qorxutmaq və hakimiyyətdən əl çəkməsinə nail olmaq!
Görək, Volodimir Vladimir qarşısında duruş gətirə biləcəkmi?!
Elxan Şükürlü-siyasi şərhçi