Newscenter.az.24.02.2022. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
1993-cü ildə xalqın təkidilə hakimiyyətə gətirilən Ulu Öndər Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı.
1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunmuş, bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" iki xüsusi Fərman imzalanmışdır.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır.
Təkzibolunmaz faktlar və dəlillər də artıq çoxdan sübut edib ki, Xocalıda baş verənlər təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu baxımdan Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması və cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunması həyata keçirilməli olan ən vacib məsələlərdən biridir
Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən "Xocalıya ədalət" kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır. Belə ki, Leyla xanım Əliyeva tərəfindən hələ 2008-ci il may ayının 8-də irəli sürülən "Xocalıya ədalət" beynəlxalq kampaniyası genosid haqqında həqiqətlərin dünyada yayılmasında aparıcı rol oynayır.
Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına çevrilib və tarixin bütün mərhələlərində ən qanlı faciə kimi xatırlanacaq.
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirələrini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini,
Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının işçisi.