Newscenter.az.25.02.2022. Məlum olduğu kimi Prezident İlham Əliyev dünya ictimaiyyəti qarşısında erməniləri ifşa etməkdə davam etməkdədir. Bir müddət əvvəl cənab Prezident 4 mindən çox insanın taleyi məsələsinə, əsir və girov düşmüşlərlə bağlı ermənilər tərəfindən heç bir məlumat verilməməsini qeyd etmişdir.
Məlum olduğu kimi Ölkə başçısı fevralın 4 -ü Azərbaycan, Aİ, Fransa və Ermənistan liderləri arasında görüş zamanı bu məsələni gündəmə salmış, nəticədə Aİ tərəfindən görüşün yekunlarına dair verilən bəyanatda Ermənistanın insanlığa yaraşmayan bu cinayəti mövzusu gələcək dialoqdakı gündəliyə salınmışdır.
Prezident İlham Əliyev Moskvada rusiyalı jurnalistlərə verdiyi müsahibədə də ermənilərin əsir və girov düşmüşlərlə bağlı, kütləvi məzarlıqlarla bağlı cinayətini ifşa etmişdir. Mövzuyla bağlı Dövlətimizin başçısı deyib: “Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.
Bu arada, Azərbaycan dövləti erməni cinayətlərini beynəlxalq mediada ifşa etməkdə davam edir. Bu günlərdə 12 ölkədən 26 media nümayəndəsi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkiblər.
Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.
Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.Şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.
Zaur Məmmədov-politoloq