Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MMP: "Tezliklə xocalılar da öz doğma yurdlarına qayıtmalıdır"



Newscenter.az.25.02.2022. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədildi. Soyqırımı zamanı insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Demək olar ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli nümunəsidir.

Newscenter.az xəbər verir ki, bu fikirlər Müasir Müsavat Partiyasının yaydığı bəyanatda qeyd edilib. Partiya təəssüf edir ki, Xocalı soyqırımının törədilməsindən 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib. Bunun bariz sübutu cinayəti törətmiş şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsidir:

"Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olundu. Bundan sonra isə soyqırım haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırıldı. Bu həqiqətlərin indi də dünya dövlətlərinə çatdırılması üçün Müasir Müsavat Partiyası bütün gücü ilə çalışır. Partiyamız dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu hər zaman vurğulayır.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun rəşadəti nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edildi. 2020-ci ilin noyabrın 10-da isə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən Bəyanat imzalandı. Bu Bəyanata əsasən, yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq imkanı yaradıldı.

Partiya olaraq Xocalıların da tezliklə öz dədə-baba torpaqlarına qayıdacaqlarına ümid edirik. Tarixin ən böyük faicəsini yaşamış xocalıların buna tam haqqı olduğunu düşünürük. Hər il Xocalı soyqırımını xatırlamaq asan deyil. Öz torpaqlarında olacaq xocalılar bu faciəni heç vaxt unutmayacaqlar. Amma onlara torpaqlarına geri qayıtmaq təsəli olacaq. Buna görə də tezliklə xocalılar da öz doğma yurdlarına qayıtmalıdır. Xocalımız da azad edilməlidir".

Sevinc
Xəbəri paylaş