Newscenter.az.25.02.2022. Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi İsmayıllı rayonunda da geniş şəkildə qeyd olunur. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüş Rayon İcra Hakimiyyətinin başçısının, RİH-nin əməkdaşlarının, hüquq-mühafizə rəhbərlərinin, Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə baş tutub.
Tədbiri giriş nitqi ilə RİH-nin başçısı Nahid Bağırov açıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Törədilmiş soyqrımın ağır nəticələrindən söhbət açan rayon rəhbəri Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa etdiyini bir daha diqqətə çatdırıb.
Daha sonra Xocalıdan olan məcburi köçkünlər çıxış edib, o dəhşətli gecə ilə bağlı acı xatirələrini bölüşüblər. İsmayıllının müxtəlif kəndlərində məskunlaşmış Xocalı sakinləri Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqları günü ümüdlə gözlədiklərini bildiriblər. Xocalı məskunları həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, İsmayıllı rayonunun icra başçısına dərin təşəkkürünü bildiriblər.
Sonda Xocalıdan olan ailələrə yardım verilib.
Qeyd edək ki, hazırda İsmayıllıda 16 ailəni təmsil edən 53 nəfər Xocalı sakini məskunlaşıb.
Ruhiyyə