Newscenter.az.25.02.2022. Bu il 30-cu ildönümü tamam olan Xocalı soyqırımı bəşər tarixində misli görünməmiş, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Ermənistanın hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qadınlara, uşaqlara, qocalara qarşı törədilmiş Xocalı soyqırımı xüsusi amansızlıqla, ağlasığmaz vəhşiliklə həyata keçirilib. Bu qətliam yalnız azərbaycanlılara qarşı törədilməyib. Bu qətliam həm də insanlığa qarşı törədilmiş və dünya tarixində görünməmiş bir genosid aktıdır. Beynəlxalq təşkilatlar və bütün dünya ölkələri bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilib və soyqırımın günahkarları beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.
Ermənilərin törətdiyi Xocalı soyqırımına əsl hüquqi-siyasi qiyməti Ulu Öndərimiz Heydər Əliyev verib. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1994-cü il mart ayının 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb və Milli Məclisin qərarı ilə 26 fevral Xocalı Soyqırımı Günü elan olunub.
Ulu Öndərin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi qeyd etmək istərdim. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan və illərdir davam edən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində təşkil edilən mitinqlər, yürüşlər və tədbirlər azərbaycanlılara qarşı törədilmiş bu soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi məqsədi ilə keçirilir. Hər il dünyanın yüzlərlə şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirlərinin keçirilməsi isə qarşıya qoyulmuş məqsədə nail olunmasını bir daha isbatlayır.
Jalə Əhmədova-Milli Məclisin deputatı