Newscenter.az.14.03.2022. Bu günlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat dəhlizinin yaradılması haqqında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu regionda son aylarda baş verən ən mühüm geosiyasi hadisə adlandırıla bilər. Mənə elə gəlir ki. Araz Dəhlizi adlandırıla biləcək bu layihə Zəngəzur dəhlizinin də açarı olacaqdır.
İlk öncə qeyd edim ki, bu tarixi sənəd Azərbaycan və İran arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ərəfəsində imzalandı və bu, həm də diplomatik qələbə hesab edilə bilər.
Sazişə əsasən, Şərqi Zəngəzur ilə Naxçıvanı qovuşduracaq dəmiryolu və çoxzolaqlı avtomobil magistralı yaradılacaq və yeni dəhliz təkcə Azərbaycanın coğrafi ərazilərini birləşdirmir, daha geniş və qlobal geocoğrafi hüdudları əhatə etmiş olacaq. Belə ki, bu nəqliyyat dəhlizi Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi olacaq.
Ermənistan elə hesab edirdi ki, Naxçıvan ilə Azərbaycan arasında rabitəni təmin edəcək Zəngəzur dəhlizi onun ərazisindən keçdiyindən bütün məsələlərdə onun şərtləri qəbul olunacaq, sanki Azərbaycanın baçqa alternativləri mümkün deyil və şərtləri ilə razılaşacaq, gömrük postları qurub, Azərbaycandan pul alacaq və s. Bu cür əsassız bəhanələrlə Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, üzərinə götürdüyü öhdəliklərdən qaçdı. Nəticə göz önündədir, Ermənistan özünü regional əməkdaşlıq ailəsindən məhrum etdi, bununla da, öz ölkəsini dirçəlmək, inkişaf etmək, dinc qonşuluq münasibətləri qurmaq şansını növbəti dəfə qaçırdı.
Rəsmi Bakı isə prinsipial və qətiyyətli manevri ilə Ermənistanın bütün iddialarını alt-üst etdi və faktiki milyonlarla dollar gəlir əldə etmək perspektivlərini puça çıxardı.
Beləliklə, Azərbaycanın Türkiyə ilə quru əlaqəsinin İran vasitəsilə yaradılmasından sonra İrəvan “dalan dövlət”ə çevrilir. Memorandum həmçinin, Azərbaycan ilə İran arasında mövcud olan dostluq münasibətlərini daha da möhkəmləndirəcək, Ermənistanı isə İran üçün arxa plana keçirəcəkdir.
Hazırda cəmiyyəti düşündürən mövzulardan biri 2020-ci il 10 noyabr tarixli Bəyanatda nəzərdə tutulan bəndlərin, o cümlədən Zəngəzur dəhlizinin açılıb-açılmayacağı ilə bağlıdır. Bu məsələdə soyuqqanlı və tələsmədən regional proseslərin gedişatını izləmək lazımdır. Əlbəttə ki, bölgədə çoxşəbəkəli kommunikasiyanın yaradılması Azərbaycanın yürütdüyü siyasətin əsas prioritetlərindəndir və tarixi torpaqlarımızı əhatə edən Zəngəzur dəhlizi də bu baxımdan gündəlikdə qalır, onsuz da bu dəhlizin yaradılması mütləq həyata keçiriləcəkdir. Bu, birmənalıdır. Ancaq vaxtında yaradılsaydı, bütün tərəflər üçün yaxşı olardı.
Azərbaycanın sözsüz ki, regional nəqliyyat dəhlizləri ilə bağlı əlində bir çox variantlar vardır və bölgədə və dünyada baş verən proseslərə uyğun olaraq
çevik və təxirə salınmadan müxtəlif istiqamətlərdə faydalı hesab etdiyi layihələrin gerçəkləşməsinə qərar verir. Bu baxımdan Araz çayı üzərindən keçən dəhlizin çəkilməsi indiki reallıqların tələblərindən doğan zərurətdir və bununla yanaşı, şübhəsiz ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması istiqamətində başlatdığı qətiyyətli iradəni davam etdirəcəkdir. İrəvanın isə qarşısında çox ağır seçim vardır, ya Azərbaycanın masaya qoyduğu tələblərlə razılaşıb bölgədəki çoxtərəfli əməkdaşlıq platformasında yer alacaq və tranzitlərdən gəlir əldə edəcək, dünyaya inteqrasiya olunaraq Avropa, Asiya bazarlarına çıxa biləcək. Yaxud da, bütün regional layihələrdən kənarda qalmaqla ötən 30 ildəki acınacaqlı siyasi-iqtisadi təcridlə yaşayacaqdır. Beləliklə, Ermənistanın gələcək taleyi bundan sonra Azərbaycanın əlində olacaq.
Əlbəttə, bundan sonra Azərbaycanın siyasi iradəsi ilə üçtərəfli Bəyanatda nəzərdə tutulan, ancaq hələ də icra edilməyən bir çox məsələləri həlli də sürətlənəcək. Belə ki, sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında olan qanunsuz erməni silahlı birləşmələrinin tez bir zamanda tərksilah edilməsi, Laçın dəhlizinə nəzarətin təmin olunması, həmin ərazilərdə yaşayan yerli ermənilərin Azərbaycanın vətəndaşı kimi yaşayıb-yaşamamaq məsələsi də qısa zamanda aydınlaşacaq. Xankəndində yaşayan ermənilərin Ermənistana gediş-gəlişini təmin edən Laçın dəhlizində Azərbaycanın hüquqi-nəzarət mexanizmlərinin yaradılması, beynəlxalq praktikada olduğu kimi pasport-gömrük postlarının qurulması və digər inzibati tədbirlər indi daha çox zərurətətə çevrilib və daha aktualdır.
Bütün bu baş verən prosesləri və yaranmış regional vəziyyəti Ermənistan rəhbərliyi indi daha açıq gözlə düzgün dəyərləndirib doğru qərar verməlidir, öz vətəndaşlarının gələcək rifahı ilə yanaşı, Azərbaycanda yaşayan Qarabağ ermənilərinin taleyini düşünməlidir. Bilməlidir ki, növbəti ağılsız və məntiqsiz hərərkətlər sayəsində hələ də açıq olan qapılar birdəfəlik üzünə bağlanacaq.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki