Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XOCALI-dan BUÇ-a aparan yol

XOCALI-dan BUÇ-a aparan yol


“Elə bir hərbi cinayət tapmaq çətindir ki, rus işğalçıları Buçda törətməmiş olsunlar”. Bu fikirlər Ukrayna Prezidenti Vladimir Zelenskini BMT-nin iclasındakı virtual çıxışındandır. “Rus hərbçiləri Ukraynanın haqlı mövqeyini dəstəkləyən hər bir vətənpərvəri axtarır, tapır, işgəncə verir və güllələyirdilər. Qadınlar, uşaqlar, qocalar qətlə yetirilir, bütöv ailələr məhv edilirdi”.

Bəli, bu faciənin səsi hələ çox gələcək, dəhşətləri bütün dünyanı silkələyəcək. Rus qoşunları Kiyev ətrafından çəkilən zaman Buç qəsəbəsinin əhalisinə dəhşətli divan tutmuş, 300-dən çox mülki insan öldürülmüş, meyitləri yandırılmış və təhqir edilmişdir. XXI əsrdə, Avropanın mərkəzində - təsəvvür edirsinizmi?! Kimsə deyə bilər ki, “Müharibədir, müharibə başdan ayağa faciədir. Buç faciəsi də Rusiya rəhbərliyindən xəbərsiz baş verib, dəhşətli təsadüfün nəticəsidir, olsun ki, qana susamış hərbçilərin vəhşiliyidir”. Amma...

Kremlin qeyri-rəsmi ideoloqlarında biri olan politoloq Timofey Sergeysev faciədən bir az əvvəl Rusiyanın rəsmi dövlət informasiya agentliyi olan “RİA Novosti” də “Rusiya Ukrayna ilə nə etməlidir?!” adlı proqram tipli yazıı ilə çıxış etmişdi. Kreml ideoloqunun əsas tezislərinə diqqət edək:

-Ukraynada əlinə silah alan, Rusiyaya qarşı çıxan nasistlər – hərbçi, ya mülki olmasına baxmayaraq, faşistdirlər, yaşından, başından. cinsindən və milliyətindən asılı olmayaraq məhv edilməlidirlər...

-Rusiyaya qarşı silah qaldıran, rus əsgərinə güllə atan Ukrayna hərbçilərinə dəstək olan mülki adamlar da düşməndir, faşistdir və bu kütlə hərbçilərlə bir yerdə məhv edilməlidir. Bu hərbçidir, bu mülkidir fərqi ləğv edilməlidir...

-Gələcəkdə bu kütlənin mütləq və məcburi “denasifikasiyası” (millətsizləşdirmə?!) həyata keçirilməlidir. Bu, uzun və ağrılı prosesdir, bütün repressiyalar – sərt senzuradan yumşaq terrora kimi məqbuldur və tətbiq edilməlidir.

Bu, bir təsadüf idimi, ya faciənin “anonsunu” verirdi?! Qoy, bu suala oxucular cavab versinlər. Amma Kremlin digər qeyr-rəsmi ideoloqları Solovyovun, Simonyanın, Skobayevanın tele-verilişlərində hər gün bu tezislər təbliğ və təşviq edilmirdimi, Ukraynaya, hətta Azərbaycana atom bombası atmaq tələb edilmirdimi?! Bəs rəsmi Kreml nə edir? –Dəhşətdir. Kreml Buç faciəsini Ukraynanın özünün törətdiyini və Rusiyanı qaralamaq üçün istifadə etdiyini deyir. XXI əsrdə - Vladimir Putinin özünün də dediyi kimi, adamı “sortir”də görməyin və məhv etməyin mümkün olduğu bir dövrdə...

Bəli, Buç faciəsi Rusiya – Ukrayna müharibəsində bir dönüş nöqtəsi oldu. Artıq bütün dünya gördü və anladı ki, rus ordusu faşist ordusudur, rus ordusu üçün heç bir “qırmızı xətt” yoxdur. Artıq bütün dünya Rusiyaya qarşı birləşir və Rusiyaya qarşı bütan “qırmızı xətlər” götürülür və bütün sanksiyalar işə salınır. ABŞ Prezidenti Co Bayden Buç faciəsi ilə əlaqəli Rusiya Prezidenti Vladimir Putinə adekvat mesaj da göndərib: Sən qorxmadın, utanmadın, yüzlərlə insanın qanını tökdün. Bu qanların cavabını alacaqsan, bütün dünya səndən cavab tələb edəcək...

Dostlar, bütün bunlar sizə, bizə Xocalı faciəsini xatırlatmırmı? Erməni faşistlərinin bələdçilik etdiyi rus qoşunları bir gecənin içində böyük bir qəsəbəni məhv etdilər, 600-dən çox azərbaycanlını qətlə yetirdilər. Erməni faşistləri bununla kifayətlənmədilər, qətlə yetirilənləri, meyitləri təhqir etdilər – “skalp”larını çıxardılar, eybəcər hala saldılar və s. Sonra Yerevanın qeyri-rəsmi ideoloqu Serj Sarkisyan çıxış etdi və dedi ki, “bu mharibədir, belə də olmalı idi, azərilər bilməlidir ki, biz zarafat etmirik. Həm də, mülki əhali azəri hərbçilərə dəstək verirdi, biz onları cəzalandırmalı idik və cəzalandırdıq”. Tanış gəlirmi, Kreml ideoloqunun sözlərinin eyni deyilmi?!

Amma Xocalı faciəsində dünya bizim dərdimizə şərik olmadı. Səsimizə səz vermədi. Hətta həmin dövrdə Moskvanın və dünya paytaxtlarının mərkəzi qəzetlərində gedən və Xocalı faciəsində qətlə yetirilmiş körpələri əks etdirən foto-şəkillərin altında onların milliyyəti yazılmadı. Bütün dünya bu körpələri erməni kimi qəbul etdi və Azərbaycana sanksiyalar tətbiq etdi. Kimsə deyə bilər ki, biz özümüz günahkarıq və Xocalı faciəsini dünyanın diqqət mərkəzinə çıxara bilmədik, onun baiskarlarını ifşa edə bilmədik və s. Cavab olaraq mən ABŞ-ın mərkəzi qəzetlərindən birində hadisədən 2 gün sonra gedən xəbəri diqqətə çatdırıram: “...Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla, 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər...” Vaşinqton Post, 28 Fevral 1992. Tomas Qolts, Ağdam, Azərbaycan

Düşünürəm ki, sonradan Yuqoslaviyada baş verən Srebrenitsa soyqırımı da Xocalı faciəsinin davamı idi. Doğrudur, həmin dövrdə ABŞ və NATO məsələyə aktiv müdaxilə etdi. Yuqoslaviya NATO qüvvələri tərəfindən bombalandı, faciənin baiskarı Miloşeviç Haaqa Məhkəməsinə çıxarıldı və cəzalandırıldı. Amma artıq gec idi, Dünya Xocalı faciəsinə göz yummaqla, “cini şüşədən buraxmışdı”. Hazırkı Buç faciəsinə və gələcək faciələrə yol açılmışdı...

Qalib ARİF[b][/b]
Xəbəri paylaş