Başa çatmaqda olan həftənin ən önəmli hadisələri zənnimcə, ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi və dövlət başçısının Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə getməsi, şəxsi heyətlə görüşməsi oldu.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev hər iki tədbirdə çıxış etdi və onun bu çıxışlar zamanı səsləndirdiyi fikirlər öz aktuallığı ilə istər yerli auditoriyada, istərsə də beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Bunun da başlıca səbəbi həmin fikirlərin həm bölgəmizdə yerləşən bəzi ölkələrə, həm də dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan mesaj xarakteri daşıması idi.
Mən əvvəlcə ADA-dakı konfransda səsləndirilən fikirlər barədə qənaətlərimi bölüşmək istərdim. Konfransda İlham Əliyev qısa giriş nitqi ilə çıxış etdi və daha sonra isə 23 ölkədən gəlmiş nümayəndələrin suallarını ətraflı şəkildə cavablandırdı. Həmin nümayəndələr sıradan bir əcnəbi qonaqlar deyildi. Onların hər biri təmsil etdiyi ölkələrdə xüsusi nüfuz sahibi olan və dünyanın aparıcı “beyin mərkəzləri”nə, analitik mərkəzlərə bağlı olan mötəbər şəxslər idi.
Onu da nəzərə almalıyıq ki, hazırda beynəlxalq proseslərin yönləndirilməsində beyin mərkəzlərinin rolu həddindən artıq çoxdur. Eləcə də inkişaf etmiş ölkələrdə beyin mərkəzləri xarici siyasətin konturlarının müəyyən edilməsində və perspektivə hesablanmış strategiyaların işlənib hazırlanmasında yaxından iştirak edirlər. Məhz bu baxımdan, ADA-da təşkil olunan beynəlxalq konfransa dünyanın nüfuzlu analitiklərinin toplaşması tədbirin əhəmiyyətliliyini daha da artırırdı. Yeri gəlmişkən, bu konfransın aprelin 28-də Şuşada – bizim mədəniyyət paytaxtımızda öz işinə başlaması, ertəsi günü isə Bakıda – siyasi paytaxtımızda fəaliyyətini davam etdirməsi də olduqca maraqlı məqam kimi yadda qaldı.
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransında sual-cavab formatında keçən müzakirələrin mühüm bir hissəsi məhz Ermənistanla Azərbaycan arasında sülh və gələcək əməkdaşlıq məsələlərinə həsr olundu. Bu da ölkəmizin regionda sülhün və əməkdaşlığın bərqərar edilməsində nə dərəcədə maraqlı olmasını bir daha əyani nümayiş etdirdi. Azərbaycan Prezidenti çoxsaylı sualları cavablandırarkən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə yanaşı bir sıra digər vacib məsələlərə də toxundu.
Həmçinin dövlət başçısı 44 günlük müharibə, həmin müharibə zamanı Gürcüstanın əsl müttəfiqlik nümayiş etdirib Ermənistana hərbi yüklərin daşınmasına mane olması, Rusiya və İranın isə əks mövqe tutması, hazırkı regional layihələr və Ermənistanın bu layihələrdən özünü təcrid etməsi, sərhədlərin delimitasiyası, Türkiyə-Ermənistan münasibətlərinə rəsmi Bakının yanaşması, “3+3” formatında regional əməkdaşlığın perspektivləri, postmüharibə dövründə sülh və normallaşma prosesinin tezliklə həyata keçirilməsində Avropa İttifaqının səyləri və ədalətli vasitəçiliyinin dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi, ATƏT-in Minsk qrupu və onun həmsədrlik institutunun artıq tarixin arxivinə göndərilməsi, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin nəyə görə 30 il ərzində icra edilməməsinin səbəbləri, UNESCO-nun özünü işğal dönəmində bir cürə, 44 günlük müharibədən sonra başqa cürə aparması, onun “ikili standartlar” siyasəti yürüdərək ermənipərəst mövqe tutması və “erməni tarixi irsinin” müdafiəsinə qalxması, Ermənistanla sərhədləri müəyyənləşdirərkən 1918-ci ildən 1991-ci ilədək bütün xəritələrin əsas kimi götürüləcəyi, habelə regionun gələcəyi və s. kimi geniş spektrdə məsələlərə toxunaraq bir daha dövlət maraqlarımızın, keçmişə münasibətimizin və gələcək hədəflərimizin nədən ibarət olduğunu açıqladı.
Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı Rusiyadan Ermənistana təyyarələrlə daşınan hərbi silah-sursatla bağlı səsləndirdiyi fikirlər, habelə, həmin vaxt İranın həm hava məkanından, həm də öz ərazisindən Ermənistana hərbi yardımların daşınmasına icazə verməsinə dair verdiyi açıqlama olduqca önəmlidir. Bu qonşularımız bilməlidir ki, bizim onların anti-Azərbaycan xarakterli bütün fəaliyyətlərindən xəbərimiz var və Azərbaycana qarşı məkrli planlar cızmaqdansa, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə keçmək ilk növbədə onların öz maraqlarına uyğundur. Azərbaycan indi həm qonşuları üçün, həm də beynəlxalq siyasətin böyük aktorları üçün ən önəmli tərəfdaşlardan birinə çevrilib. Ona görə də bəzi qonşu ölkələr Azərbaycanla faydalı əməkdaşlığı ənənəvi “erməni kartı”na qurban verməməlidir.
İlham Əliyevin regionun 10 ildən sonrakı mənzərəni necə gördüyünə və Azərbaycanın regionun gələcəyi ilə bağlı planlarına dair fikirləri də olduqca maraqla qarşılandı. Prezident bildirdi ki, “10 ildən sonra Azərbaycan daha da güclü olacaq, Ermənistanla olan anlaşılmazlıqlar və problemlər öz həllini tapacaq. Üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq əlaqələri qurulacaq. Azərbaycan regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan ilə üçtərəfli əməkdaşlıqda daim mühüm rol oynayıb. Yeni əməkdaşlıq formatlarının qurulmasında və inkişafında da mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə kimi Azərbaycan liderliyi öz üzərinə götürəcək”.
Lakin Prezident onu da vurğuladı ki, bir çox məsələlər Ermənistanda bundan sonrakı proseslərdən, bu ölkə hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq. Regionun dünənindən bugününə və gələcəyinə baxış kontekstində Ermənistanın atmalı olduğu vacib addımları qeyd edən Azərbaycan Prezidenti açıq mətnlə bildirdi ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər. İlham Əliyevin bu mesajı ermənilər üçün olduqca maraqlı mesajdır. Odur ki, istər sıravi ermənilər, istərsə də rəsmi İrəvan Azərbaycan Prezidentinin mesajlarını, çağırışlarını düzgün dəyərləndirməlidir.
İlham Əliyev konfransda növbəti dəfə sülh çağırışı ilə çıxış etdi və bildirdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib, lakin bunun üçün Ermənistan tərəfi də gərəkən addımları atmalı, ənənəvi siyasətini dəyişməli, bölgədə təcrid olunmuş vəziyyətdə yaşamaq siyasətindən, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik münasibətindən əl çəkməlidir. Çünki Ermənistanın bölgədə təcrid olunmuş ada olaraq, yaşaması mümkün deyil. Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmadan Ermənistanın özünütəcrid vəziyyətindən çıxmasının mümkünsüz olduğunu artıq hər bir erməni siyasətçisi , ilk növbədə isə Nikol Paşinyan dərk etməlidir.
Ona görə də, Ermənistan hökuməti türk düşmənçiliyi mövqeyindən çıxış edən xaricdəki erməni diasporundan asılılığa son qoymalı, yeni reallıqlarla barışmalı, Azərbaycana və Türkiyəyə qarşı ənənəvi ərazi iddialarından nəhayət ki, imtina etməli və eyni zamanda kommunikasiyaları açmalıdır. İlham Əliyev bu fikirləri səsləndirməklə regionun gələcəyi ilə bağlı ümidlərimizi və hədəflərimizi ifadə etdi, Ermənistana isə sülhə gedən yolu göstərdi. Zənnimcə, İlham Əliyevin istər konfransda, istərsə də xüsusi təyinatlı döyüşçülərimiz qarşısında çıxışında səsləndirdiyi ismarıcları Ermənistanda ciddi şəkildə təhlil edəcək və yaranmış vəziyyəti düzgün dəyərləndirəcəklər.
Bu gün ermənilərin sülhdən başqa alternativləri yoxdur. Bu birmənalıdır. Çünki Prezidentin də xüsusi təyinatlılarımız qarşısında çıxışında vurğuladığı kimi bu gün bölgəmizdə vəziyyət tam fərqlidir: “Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik”.
Ermənilərin Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlaması, onların canlarında olan bu xofun bu günə qədər də çıxmaması nəyə işarədir? Ona işarədir ki, ermənilər bundan sonra yalnız sülhə ümid bəsləyə bilərlər, hərb seçimi isə bütün ermənilər üçün böyük fəlakətlə nəticələnə bilər. Ona görə də, əgər erməni xalqı dinc şəraitdə yaşamaq istəyirsə, özündə güc tapmalı və revanşist qüvvələrin bir daha baş qaldırmasına yol verməməlidir. Ümumiyyətlə, bundan sonra erməni xalqının bir etnos kimi öz varlığını qoruyub saxlaması yalnız sülhdən asılıdır. Bu həqiqəti erməni xalqını millətçilik, qəsbkarlıq çağırışları ilə zəhərləyən kilsə xadimlərindən tutmuş, hazırda revanşizmə çağırış edən Ermənistanın müxalif siyasi partiyalarının liderlərinə qədər, bütün erməni siyasi və ruhani elitası dərk etməlidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri