İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfər qazanması geosiyasi proseslərə yeni dinamika gətirdi. Cənubi Qafqazda indiyə qədər müşahidə edilməyən geosiyasi mənzərə yaranmağa başladı. Bu gün biz dünyanın siyasi və iqtisadi xəritəsinə nəzər saldıqda, bir neçə geosiyasi mərkəzin planetin ayrı-ayrı bölgələrindəki siyasi proseslərdə fəal iştirak etdiyinin, dövlətlərin həmin oxlarla münasibətlərinin isə xalqların gələcəyində bu və ya digər forma almasında vacib rol oynadığını sezə bilərik.
Bu illər ərzində Azərbaycan xarici siyasət konsepsiyasında soyuqqanlı və onillikləri hədəfləyən baxış bucağı ortaya qoyaraq bir-birinə rəqib olan geosiyasi mərkəzlərlə balanslı və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasını ehtiva edən münasibətlər qurmağı bacardı. Əlbəttə ki, həmin geosiyasi oxlardan biri də, Avropa İttifaqıdır, hansı ki, artıq 70 ildən çoxdur, Avrasiyada baş verən hadisələrdə özünəməxsus yerini qoruyub saxlaya bilib. Azərbaycan dövləti bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, o cümlədən Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan bu ölkələr üçün etibarlı tərəfdaş imici formalaşdırır. 18 may 2022-ci il tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumu Baltikyanı respublikalarla əməkdaşlığın bariz nümunəsi oldu.
Baltikyanı ölkələrdən Litva Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Yaxın keçmişə nəzər salsaq görərik ki, hələ 2007-ci ildə Azərbaycanla Litva strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. 2020-ci ilin fevralında Litvanın milli qanunverici orqanı–Litva Seymi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib. Hər iki mühüm hadisə iki ölkə arasındakı münasibətin daha da möhkəmlənməsinə səbəb oldu və bunun nəticəsi olaraq iki ölkə arasında münasibətlər daha da inkişaf etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev öz bəyanatında bir sira mühüm və vacib məsələlərə toxunub. Bəyanatda Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaş olmasından və iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılığın mahiyyətindən qeyd olunub. Ölkə başçısı çıxış edərkən bildirib ki, Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Hazırda iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.
Məlumdur ki, Azərbaycan dövləti Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təminatında fəal iştirak edir. Cənab İlham Əliyev öz çıxışında bu məsələyədə toxunub. O bildirdi ki, Azərbaycanın quruma üzv ölkələrin enerji təhlükəsizliyində fəal rol oynayır. “Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”. Azərbaycan Prezidenti enerji təhlükəsizliyindən danışarkən, həmçinin bildirib ki, ölkəmiz hər zaman etibarlı, ədalətli nizamlama və qanunvericilyə əsaslanan bazarlara ehtiyac duyub. Bu baxımdan Avropa bazarı hər zaman diqqət çəkib. Təbii ki, bu məsələdə Avropa İttifaqı da Azərbaycana töhfə verən tərəf kimi diqqətlə yanaşıb. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə sıx əməkdaşlığında da bir çox məsələlər diqqətdə saxlanılır. Ölkə başçımız qeyd edib ki, “Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir”.
Müharibənin başa çatmasından keçən dövr ərzində sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm addımlar atır və atmaqdadır. Litva ilə əlaqələrin dərinləşdirilməsi iki ölkə arasında daha geniş imkan və perspektivlərə yaradır. Biz əminliklə deyə bilərik ki, hər iki ölkə arasında əlaqələrin genişləndirilməsi iqtisadi əlaqələrimiz daha da möhkəmlənməsinə nail olacaqdır.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsul əməkdaşı
Məmləkət Qaraçobanova