İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.
Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.
Ermənistanda Baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar hələlik səngimir. Etirazçılar mövcud iqtidarı satqınlıqda ittiham edir, İrəvanın Bakı və Ankara ilə yaxınlaşmasına qarşı çıxırlar. İkinci bir tərəfdən, Ermənistan Rusiya ilə Qərb arasında qalmaqla “nə Əli aşından olmaq istəyir, nə də Vəli aşından”. Nəticədə hər iki tərəfdən Ermənistana təzyiqlər olur. Və bu, daxildəki durumu bir az da ağırlaşdırır.
Paşinyan bütün fonların fonunda narahatlıq keçirməmiş deyil. Özü də yaxşı bilir ki, “kəndir üstündə gəzir” və adi bir səhv ona baha başa gələ bilər. Ona görə sərhəddə vəziyyəti gərginləşdirməklə daxili auditoriyanın fikrini başqa istiqamətə yönəltmək istəyir. Beləliklə, daxildəki xaosu ikinci dərəcəli mövzuya çevirmək niyyətindədir.
Lakin Paşinyan bilməlidir ki, bu da onun üçün “saman çöpü” olmayacaq. Əksinə, belə təxribatlar Azərbaycanla etimad mühitinə zərbə vurmaqla yanaşı, həm də bizim növbəti əks-hücum əməliyyatlarına başlamağımız üçün zəmin yaradır. İndi Baş nazir Azərbaycan və Türkiyə ilə münasibətləri “isti saxlamaqla” regiondakı mövcudluğunu qorumağa çalışmalıdır.
Bundan başqa, təxribatların daxildəki “Qarabağ klanı”nın “drijorluğu” ilə baş tutması da mümkündür. Onlar bu yolla qarşılıqlı əlaqələrin normallaşmasına mane olmaq istəyə bilərlər. Hərçənd, bu da Ermənistan hakimiyyəti üçün bəraət deyil. Paşinyan regional sabitlikdə maraqlıdırsa, daxildə “suları bulandırmaq” istəyən qüvvələrin “oyununu pozmalı”, bunun üçün lazım gəlsə, konkret direktivləri verənlərlə münasibətlərə aydınlıq gətirməlidir.
Onu da nəzərə almaq lazımdır ki, adətən Paşinyanın Rusiyaya səfərindən və ya onun Kreml rəhbəri Vladimir Putinlə telefon danışığından sonra belə təxribatlar olur. Bir neçə gün əvvəl də Rusiya və Ermənistan liderləri danışmış, Cənubi Qafqazdakı durumu müzakirə etmişdilər…
Təxribatların gələcəkdə də təkrarlanması, hətta intensivləşməsi mümkündür. Ola bilsin, Ermənistan Qərblə Rusiya araasında “sıxıldıqca” provokasiyaların sayını artırsın.
Lakin bütün hallarda, təxribatları hansı qüvvələrin idarəetməsindən asılı olmayaraq, belı addımlar İrəvan işini daha da çətinləşdirəcək və Paşinyan iqtidarını daha “dar dalana” salacaq.
Kənan Novruzov-siyasi ekspert