Rusiyanın Ukraynada apardığı müharibə daha bir böhrana səbəb olub.
Newscenter.az xəbər verir ki, "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın cənubunda, cəbhənin həlledici bölgələrindən olan Nikolayevdə Rusiya ordusunun artilleriya atəşi nəticəsində su təchizatı sistemi dağılıb, sakinlər digər bölgələrdən gətirilən su növbələrinə məhkum olunub. Eyni zamanda, Rusiya ordusunun qonşu Xersonu işğal etməsi nəticəsində əlavə su mənbəyinin tapılmasında çətinlik yaranıb.
Nikolayev su-kanal kommunal müəssisəsinin Baş direktoru Boris Dudenko "Report"un xüsusi müxbirinə bildirib ki, Nikolayev şəhərinin Dnepr çayı vasitəsilə su təchizatını təmin edən boru kəməri aprelin 12-də aparılan döyüşlər zamanı zədələnib:
"Təəssüf ki, yarım milyon əhalisi olan şəhər, təxminən, 20-22 gün ərzində susuz qalıb. Müvafiq olaraq, bu müddətdə kanalizasiya sistemləri də işləməyib. Dəymiş zərər, təqribən, 20 milyon qrivna (1,1 mln manat - red.) səviyyəsində qiymətləndirilir. Əhaliyə, sistemə dəymiş ziyanı isə pul ilə ölçmək mümkün deyil. Çünki su həyatdır və onun olmaması həyatın olmaması deməkdir. Bu məsələni həll etmək üzərində çalışdıq və hazırda şəhərin mərkəzləşdirilmiş sisteminə su Yujnıy Buk çayından, daha dəqiq desək, Yujnıy Buk limanından daxil olur. Yujnıy Buk limanı çayın Qara dənizə töküldüyü yerdir. Külək dəniz istiqamətindən əsdiqdə sistemlərimiz onun tərkibindəki duzu təmizləmək, suyu içməli hala gətirmək iqtidarında olmur. Bu səbəbdən qərara alınıb ki, əhalinin sanitar tələblərini qarşılamaq üçün bu sudan istifadə edilsin, daha sonra isə başqa su mənbələri axtarılsın. Elmi mərkəzlərlə də iş aparırıq. Onların köməyi ilə Nikolayev şəhərini içməli su ilə təchiz etmək üçün yeni su mənbəyi tapmağa ümid edirik".
Onun sözlərinə görə, suyu bakterioloji çirklənmədən kifayət qədər yaxşı təmizləmək mümkün olmur: "Təmizləmədən sonra su bakterioloji tələblərə cavab verir, amma kimyəvi analiz üzrə tələblərə cavab vermir. Bu səbəbdən, bu sudan içmək, yaxud yemək bişirmək üçün istifadə etmək olmaz, ondan yalnız sanitar məqsədlərlə istifadə etmək mümkündür. Su təchizatını təmin etmək üçün hazırda boruların zədələndiyi ərazilərə çıxışımız yoxdur. Həmin ərazilər hazırda “boz ərazi” adlandırdığımız fəal hərbi əməliyyatların aparıldığı bölgələrdə yerləşir. Əraziləri işğaldan azad edə bilsək, su təchizatı maksimum dərəcə qısa zamanda bərpa ediləcək. Əks halda, Nikolayev şəhəri üçün alternativ su təchizatı mənbələri axtarmalı olacağıq. Bu isə çətin məsələdir, çünki Nikolayev şəhəri 2 çayın hövzəsində yerləşsə də, əlimizdə olan texnologiyalar bu çayların suyunu içməli su səviyyəsinədək təmizləməyə imkan vermir".
Hazırkı böhran ilə əlaqədar olaraq Nikolayev şəhərinin içməli su təchizatı ilə təminatında iştirak edən yerli deputat Ramil Agabekov "Report"un Şərqi Avropa bürosuna şəhərin gündəlik tələbatı, təxminən, 40 min kub təşkil etdiyini bildirib.
"Nikolayevə gələn su xətti vurulduqdan sonra şəhəri, insanları su ilə təmin etmək üçün əlimizdən gələni etdik. Odessadan, Kiyevdən, Lvovdan və digər şəhərlərdən Nikolayevə maşınlarla su daşınması həyata keçirildi. Su şəhərin bütün rayonlarına çatdırılırdı. Düzdür, indi də bunu müşahidə edə bilərsiniz, amma indi vəziyyət əvvəlkinə nisbətən yaxşıdır. Çünki artıq şəhərə texniki su verilir və bu, məişətdə istifadə edilən suya olan tələbatı azaldır. Şəhərin suya olan gündəlik tələbatı təqribən 40 kub təşkil edir. Biz çörək zavodunu da, zooparkı da su ilə təmin edirdik. Su ilə təminatın məsələsində bütün Ukrayna bizi dəstəklədi. Şəxsən mən özüm 3500 ton su gətirmişəm. Hazırda da bir çox rayonları su ilə təmin etməkdə davam edirik. Amma bir daha təkrar edim ki, vəziyyət xeyli yaxşılaşıb. Hazırda əhalinin yalnız içməli ilə təminatını həyata keçiririk", - o əlavə edib.