Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən 21-22 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Qeyri-infeksion xəstəliklər (QİX), qidalanmaya nəzarət və piylənmənin profilaktikası sahəsində siyasətə dair dialoqun təşəbbüsü və QİX-in profilaktikası ilə bağlı tədbirlərin reallaşdırılması üzrə tədqiqatlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində ÜST-nin İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşı Ceyran Abdullayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları, həmçinin Elmi-Tədqiqat Pediatriya İnstitutu, Respublika Endokrinoloji Mərkəz və Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqları və b. iştirak ediblər.
Tədbir zamanı Mərkəzi və Qərbi Asiya ölkələrinin QİX-in profilaktikası üzrə icra etdiyi tədbirlər, epidemioloji vəziyyətə regional baxış, müxtəlif ölkələrin bu sahədə olan prioritet istiqamətləri haqqında məlumatlar və təqdimatlar dinlənilib.
Seminar iştirakçıları ətraf mühitin (xüsusi ilə rəqəmsal texnologiyaların) QİX epidemiyasının inkişafına təsiri, QİX risk faktorlarını aradan qaldırmaq üçün səhiyyə sisteminin potensialı, müxtəlif ölkələrin bu sahədə olan siyasətinə dair tövsiyələri müzakirə ediblər.
Konfrans çərçivəsində ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün təlimləri təşkil edəcək “Uşaqlarda artıq çəki və piylənmə ilə mübarizə üzrə” təlimçilərin hazırlığı həyata keçirilib. Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan nümayəndə heyəti tətbiqi tədqiqat ilə bağlı layihələrin həyata keçirilməsi üçün müvafiq maraqlı tərəfləri müəyyən edərək, onları cəlb etməyin mümkün yollarını müzakirə ediblər.
Azərbaycanı təmsil edən nümayəndə heyəti QİX-in profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər və bu sahədə ÜST-nin Avropa Regional Bürosu ilə əməkdaşlığın təmin edilməsi təşəbbüsü ilə çıxış edərək, həmçinin profilaktik tədbirlərin reallaşdırılması (tətbiqi tədqiqatlar) ilə bağlı layihənin ilkin nümunəsini təqdim ediblər.
Sonda region ölkələrdə keçirilən pilot layihələrin nəticələri analiz olunub və iştirakçı ölkələrin hesabatları dinlənilib.
Sevinc