Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.
Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən digər rəsmi şəxslər də daxildir.
Səfər çərçivəsində bir neçə dövlət qurumunda görüşlər də keçiriləcək.
Qeyd edək ki, Gürcüstandakı səfirliyimizin təşkilatçılığı ilə ötən ilin iyul ayında Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Bakı şəhərinə səfəri baş tutub və səfər çərçivəsində iyulun 13-də Bakı ilə Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.