İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü mühüm ictimai-siyasi, iqtisadi əhəmiyyət kəsb edir, Azərbaycan - Avropa İttifaqı əməkdaşlığında yeni mərhələnin başlandığını şərtləndirir. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması isə regionun yeni siyasi xəritəsinin cızıldığına işarədir ki, bu istiqamətdə Azərbaycanın nümayiş etdirdiyi qətiyyət və siyasi iradə Aİ tərəfindən birmənalı alqışlanır. Xanım Ursula Fon der Lyayen də bəyan etdiyi kimi Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəlib və Azərbaycanın onların sırasında olması olduqca tarixi siyasi hadisədir.
Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın Ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdir. Xanım Lyayenin vurğuladığı kimi Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tətəfdaşdır. Cənab İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ötən görüşlərində də Azərbaycanın son dövrlərdə göstərdiyi təşəbbüskarlıq alqışlanıb.
Xanım Ursula Fon der Lyayen çox mühüm bir mesaj da verdi ki, Cənubi Qafqaz regionunda geniş əməkdaşlığın dayanıqlı inkişafı və yeni münasibətlərin açarı da məhz möhkəm sabitliklə bağlıdır. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir. Məlumdur ki, bölgədə dayanıqlı sülh çağırışlarının və təşəbbüslərinin önündə Azərbaycan durur və bunu Avropa İttifaqı da dəfələrlə bəyan edib. Xanım Lyayenin bəyanatından da ortaya bu nəticə çıxır ki, Azərbaycanın postmüharibə dövründə yaratadığı yeni siyasi reallıqlar və davamlı sabitlik fonunda bölgənin inkişaf mühitinə hansısa arzuolunmaz təsirlər yolverilməzdir. Bu baxımdan Avropa Komissiyası Azərbaycanın müəllifi olduğu Cənubi Qafqazın yeni sülh və əməkdaşlıq formulunda Ermənistana da yer verilməsini müsbət qarşılayır, həmçinin İrəvanı sabitliyə riayət etməyə dəvət edir. Beləliklə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə sahəsinə maliyyə yardımı göstərən və irəlidə sülh gündəliyinə möhkəm dəstək olan Avropa İttifaqı digər bölgə ölkələrini, o cümlədən də Ermənistanı Azərbaycanın cızdığı Yol Xəritəsinə qoşulmağa çağırır. Bu mesaj həm də, Avropa-Azərbaycan münasibətlərinin yeni mərhələdə - Qarabağ və Şərqi-Zəngəzurun da daxil olduğu post-müharibə və proinkişaf proqramları çərçivəsində yaxın təmaslar quracığını təsdiqləyir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki