ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gedən təyyarəsinin uçuşunu dünyanın hər yerindən təxminən 2,92 milyon insan izləyib.
Newscenter.az xəbər verir ki, bu barədə “Flightradar24” xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, “Boeing C-40C” avqustun 2-də Kuala-Lumpurdan havaya qalxıb və həmin andan etibarən aktiv uçuşlar arasında “Flightradar24”də ən çox izlənilən uçuş olub.
Xidmət qeyd edib ki, Pelosinin Taypey hava limanına enən zaman təyyarəsi bütün dünyada 708 000-dən çox insan tərəfindən izlənilib və bu, “Flightradar24” tarixində real vaxt rejimində ən çox izlənilən uçuş olub.
"Flightradar24" qeyd edib ki, bütün uçuş boyu təyyarəni ümumilikdə 2,92 milyon insan izləyib.
Xidmət həmçinin əlavə edib ki, "Reuters"in canlı yayımını 200 000 nəfərdən çox insan izləyib və təyyarə Tayvana yaxınlaşaraq Taypeyə enərkən 708 000 nəfər uçuşu izləyib.
Qeyd edək ki, "Flightradar24" real vaxt rejimində təyyarələrin mövqeyini izləməyə imkan verən xidmətdir.
Anar TAGIYEV