Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə edir

İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə edir


Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir. İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı illərdə də bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur.

Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirib.

Prezident İlham Əliyevin rayonlara səfəri bölgələrimizin davamlı inkişaf etdiyini və sosial-iqtisadi layihələrin uğurla icra edildiyini bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

Aynur Həsənova
Xəbəri paylaş