Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Krımdakı partlayışların pərdəarxası: Savaşın taleyi həll olunur

Krımdakı partlayışların pərdəarxası: Savaşın taleyi həll olunur


Son bir həftədə Krımda üçündü dəfədir partlayış olur. Təxminən bir həftə əvvəl Rusiyanın hərbi aerodromu partladılmışdı. Nəticədə Rusiyanın 10-a yaxın hərbi təyyarəsi sıradan çıxmışdı. Dünən isə Krımda əvvəlcə Rusiyanın hərbi hissəsində, ardınca isə transformator yarımstansiyasında analoji hadisə yaşandı.

Əslində aerodromda baş verənlərdən sonra partlayışların təkrarlanacağı gözlənilən idi.

Bir müddət əvvəl Ukrayna Prezident Ofisindən bildirmişdilər ki, savaş Krımın azad olunmasına qədər davam edəcək. Qurumdan verilən bəyanata görə müharibə Krımda başlayıbsa, orada da başa çatmalıdır. Ərazidə təkrarlanan partlayışlar həmin açıqlamanın təsadüfi olmadığını göstərir.

Əslində Krım hər iki tərəf üçün strateji əhəmiyyətlidir. Rusiya illər uzunu orada məskunlaşıb, hərbi obyektlər yerləşdirib. Bu isə o deməkdir ki, Krımın "təmizlənməsi" ilə döyüşlərin gedişatında dönüş yarana bilər. Üstəgəl, Krım müharibənin "açarıdır". Dünya ictimaiyyəti yaxşı bilir ki, bura tərəflərin əsas münaqişə ocağıdır. Deməli, Krımın azad olunması ilə Ukrayna ciddi divident qazana bilər.

Son vaxtlar İranın Rusiyaya PUA verməsi barədə məlumatlar yayılır. Bu, təbiidir. Tehranla Moskvanın münasibətləri məlumdur. Daha bir diqqət çəkən məqam isə budur ki, Ukrayna rəsmiləri silah çatışmazlığına görə daha Qərbi ittiham etmirlər. Görünür, İranın Rusiyaya verdiyi PUA- lara adekvat cavab olaraq ABŞ və müttəfiqləri də Kiyevə daha müasir silahlar verməyə başlayıb. Əslində Krımın bir həftədə üç dəfə vurulması də bu fikri təsdiqləyir.

Sözsüz ki, Qərb Ukraynanın öz ərazilərini azad etməsində yox, savaşın uzanmasında maraqlıdır. Kiyevin taleyinin ABŞ və müttəfiqləri üçün ikinci dərəcəli olduğunu etiraf etməliyik. Amma məsələ ondan ibarətdir ki, Ukrayna indiki vəziyyətdə Qərbin növbəti dəstəyindən yararlanaraq torpaqlarını azad etməyə çalışır. Əlbəttə, Krımın azad edilməsi asan məsələ deyil. Amma hədəf kimi məhz oranın seçilməsi doğru qərardır. Krım Rusiya ordusundan tamamilə təmizlənərsə, bu, qarşı tərəfə həm strateji, həm də psixoloji zərbə olacaq. Beləliklə, Krım azad olunandan bir neçə həftə sonra savaşın taleyi həll oluna bilər. Bu mənədə yaxın günlərdə Krımda növbəti partlayışların, hücumların və toqquşmaların olacağı mümkündür.

İkinci bir tərəfdən, Ukrayna özünə maksimum hədəfi seçib. Deməli, hətta Krım azad olunmasa belə, hədəfin uzaqlığı nəticəsində xeyli uğur əldə etmək olar.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş