Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan Ermənistana “əzələ nümayişi”

Rusiyadan Ermənistana “əzələ nümayişi”


Dünən Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.

"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Sasna Tsre” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.

Son günlər Ermənistanda xaorik durum hökm sürür. Partlayışlardan sonra ard-arda metrostansiyalarda və aeroportda bomba olması və terror təhlükəsinə dair xəbər yayıldı. Bu hadisələrin ard-arda baş verməsini və həmi günlərdə Ermənistan müdafiə naziri Suren Papikyanın Rusiyaya səfərini təsadüfi hesab etmirəm. Baş verənlər proseslərin əvvəlcədən planlaşdırıldığını və partlayışın təsadüfi qəza nəticəsində olmadığını göstərir.

“Surmalu”ticarət mərkəzindəki hadisə ilə bağlı müxtəlif ehtimallar var. Fərqli ekspertlər partlayışın və terror aktı ilə bağlı xəbərdarlıqların siyasi motivli olduğunu düşünürlər. Onların fikrincə, məqsəd Baş nazir Nikol Paşinyana etimadsızlıq yaratmaqdır. Bu, tamamilə mümkündür. Və əgər hadisələrin arxasında dayanan Ermənistandakı müxalif kəsimdirsə, proseslərin Rusiyadan idarə olunması ehimalı böyükdür.

Əslində bunun üçün kifayə qədər əsas var: Ermənistanın Qərbə meyilliliyi, Avropa İttifaqının Cənubi Qafqazda artan fəallığı, Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması istiqamətində atılan uğurlu addımlar, Paşinyanın Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini tənqid etməsi və s. Bunların hər biri ayrı-ayrılıqda Kremli qıcıqlandıran və Prezident Vladimir Putinin kəskin reaksiyasına səbəb ola biləcək faktlardır. Bu mənada Moskvanın İrəvanı cəzalandırması gözlənilən idi.

Ehtimal var ki, Papikyanın Rusiyaya səfəri zamanı Kremlin istədiyi nəticə əldə olunmayıb. Buna görə də Rusiya Ermənistanı bir az da sıxışdırmaq qərarına gəlib.

Partlayışdan sonra Rusiya Prezidenti Vladimir Putin Paşinyana bağsağlığı verdi. Əlbəttə, diplomatik etiket qaydalarına uyğun olaraq belə də olmalı idi. Amma bu, sözügedən hadisədə Moskvanın “əlinin olmasını” istisna etmir.

Məlumdur ki, avqustun sonunadək ermənilər Laçın şəhəri və ətraf kəndlərdən çıxmalıdır. Bu hadisənin baş verməsi Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşması istiqamətində növbəti addım ola bilər. Bəlkə də, Rusiya buna mane olmaq fikrindədir.

Rusiyanın Ermənistanı cəzalandırması gözlənilən idi. Moskvanın İrəvana nota verməsi ciddi siqnaldır. Paşinyan indi iradə göstərməlidir. Ya regionla bağlı konstruktiv xarici siyasət yeridərək Ermənistanın gələcək dövlətçiliyini düşünməli, ya da Rusiyanın təhdidləri qarşısında geri çəkilməlidir. Rusiyanın Ermənistana təzyiqlərinin davam etməsi gözləniləndir. Amma bu, iqtidar dəyişikliyi ilə nəticələnməyəck, sadəcə hədə -qorxudur. Çünki Paşinyanın hakimiyyətdən getməsi indi başı öz işlərinə qarışan Rusiya üçün o qədər də maraqlı deyil.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş