Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti dördüncü görüş baş tutdu. Dörd saata qədər davam edən görüşdə dövlətlərarası münasibətlərin nizamlanması, minalardan təmizləmə, itkin düşənlərin taleyi, axırıncı görüşdən sonra yaranmış dəyişikliklər müzakirə olundu. Gərgin müzakirələrin nəticələri hər iki dövlətdə, eyni zamanda beynəlxalq müstəvidə siyasətçilər, ekspertlər, politoloqlar tərəfindən müxtəlif baxış bucaqlarından təhlil olunur.
Bəzi detallara diqqət etməklə, bir mənalı demək olar ki, bu görüşü də Prezident İlham Əliyevin uğuru, Azərbaycan diplomatiyasının aktivinə yazmaq olar. Ümumiyyətlə, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində təşkil olunmuş digər formatlardan daha effektiv olmaqla, ölkəmizin maraqlarına tam cavab verir. Demək olar ki, çətinliklə də olsa, hər görüşdən sonra müəyyən irəliləyişlər əldə olunur.
Prezidentin köməkçisi Hikmət Hacıyevin, görüşdən sonra sosial şəbəkələrdə yazdığı qeydlər, Şarl Mişelin fəaliyyətinə verilmiş qiymət olmaqla yanaşı, Avropa İttifaqının bölgədə dayanıqlı sülhün əldə olunmasında maraqlı olduğunu göstərir. Eyni zamanda, bu yaxınlarda ABŞ və Fransanın bədnam “ Minsk qrupunu” reanimasiya etmək cəhdlərinə ən gözəl cavabdır. Dövlət katibi tərəfindən Qafqaz məsələləri üzrə xüsusi nümayəndənin təyin olunması və Fransa ilə birgə fəaliyyətlərin uzlaşdırılması Ermənistanda yeni bir coşqunluq yaratmışdı. Ermənilər, həmin dövlətlərə ümidlə, yenidən Azərbaycan əleyhinə mitinqlər təşkil etməyə başladılar.
Diqqət çəkən əsas məqamlardan biri, xarici işlər nazirlərinin bir ay ərzində sülh sazişinin layihəsinin mətni üzərində iş aparılması üçün işçi qruplarının yaradılmasıdır. Sərhədlərin delimitasiya, demarkasiya proseslərinə başlanılmasıdır.
Digər məqam isə, ilk dəfə erməni və azərbaycan xalqlarının sülhə, barışığa hazırlanması barədə çağırışların səslənməsidir. Etiraf etmək lazımdır ki, bu olduqca ağır, psixoloji baxımdan mürəkkəb prosesdir. Ancaq, düşünürəm ki, nə qədər çətin olsa da, xalqlarımız bu baryeri aşmalı, düşmənçiliyi gələcək nəsillərə saxlamamalıdır. Son 30 ildə baş verənlərdən sonra dostluq münasibətlərinin yaranması qeyri-mümkündür. Lakin əməkdaşlığa, birgə yaşayışa məhkumuq.
Azərbaycan dördüncü Brüssel görüşünə həm hərbi, həm də siyasi baxımdan üstün tərəf kimi yollanmışdı və öz mövqeyini qorudu. Danışıqlar, daha əvvəl Azərbaycan Prezidentinin irəli sürdüyü beş prinsip üzərində, beynəlxalq hüququn normalarına uyğun keçirildi. Bütün bunlar isə, o deməkdir ki, ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti getdikcə artmaqdadır və etibarlı, önəmli tərəfdaşdır.
Bir məsələni qeyd etməyi özümə borc bilirəm. Təbii, belə görüşlərin əhəmiyyəti olduqca böyükdür. Ancaq, biz dəfələrlə şahid olmuşuq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu da onun müstəqil dövlət olmamasından, Ermənistan siyasətinə xarici güclərin təsirindən irəli gəlir. Böyük ehtimal ki, bu görüşdən sonra da Paşinyan ağalarının yanına qaçacaq, müxtəlif bəhanələrlə prosesi ləngidəcəkdir. Yaxşı olar ki, qatar stansiyanı tərk etməmiş, öz müəllimi, Ermənistanın birinci prezidenti Levon ter-Petrosyanın tarixi sözlərini yadına salsın. Yoxsa bu dəfə də gec olacaq. O zaman neft, qaz kəmərləri əldən çıxdı, daha sonra Qarabağ işğaldan azad oldu. İndi isə, kommunikasiyalardan məhrum ola bilər.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı