Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ukraynada məğlubiyyəti baş verə bilər

Rusiyanın Ukraynada məğlubiyyəti baş verə bilər


Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin 6 ay 15 günü keçməsinə baxmayaraq tərəflər arasında sülhə gəlmək və ortaq dil tapmaqla bağlı hansısa razılığın olması ilə bağlı məlumatlar verilmir. Üstəlik tərəflər arasında gərginliklər və itkilər hər keçən gün daha da artmaqdadır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi son açıqlamada Rusiyanın son sutka itirdiyi 640 hərbiçi də daxil olmaqla verdiyi ümumi canlı qüvvə itkilərinin sayı 51 250-ni keçib. Eyni zamanda Rusiya tərəfi 2 127 tank, 4 594 zirehli döyüş maşını, 1 258 artilleriya sistemi, 310 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 241 təyyarə, 212 helikopter, 888 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 368 avtomobil texnikası və avtosistern, 111 xüsusi texnika və s. itkilər verib.

Statistik rəqəmlərə baxdıqda ortaya bir sıra suallar çıxır. Rusiyanın bu qədər çox itki verməsinin səbəbi nədir? Döyüş qabiliyyətinin aşağı olması ya döyüşün idarə edilə bilməməsi? Bu müharibədə qərb dövlətləri Ukraynaya hansı dəstəyi verirlər və yaxud mermək imkanına malikdirlər? Əgər belə davam edərsə müharibənin gələcək taleyi necə ola bilər?
Əlbəttə ki, suallar çoxdur. Nəzərə alsaq ki, 1979-1989-cu illərdə baş vermiş Əfqanıstan müharibəsində SSRİ 10 illik müddətdə 14 400 qədər canlı qüvvə və indikindən 2 dəfə az silah-sursat və hərbi texnika itirmişdi, o zaman aydın olur ki, indiki halda belə çox itkilərin olması döyüşün idarə edilə bilməməsi, hərbi lohistikanın zəif təşkil edilməsi, Rusiya kəşfiyyatının Qərb kəşfiyyatına nisbətdə Ukraynada zəif fəaliyyət göstərməsi, Rusiya Müdafiə Nazirliyində genralitet heyətinin yekdil mövqeyə malik olmaması, Qərb və Türkiyə silahlarının Rusiya silahlarından üstün olması, Rusiya tərəfində vahid komandanlığın təşkil edilə bilməməsi və s. məsələlər son nəticədə 6 ay 15 gün içində bu qədər itki verməsi ilə nəticələndirib. Digər tərəfdən nəzərə almalıyıq ki, 52 minə yaxın itki verən ordunun ən az o qədər də yaralısı ola bilər ki, bu da öz növbəsində Rusiyanın Ukraynaya göndərdiyi hərbi personalın təqribən 50-75% təşkil edir. Həmçinin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi və İngiltərənin Mİ6 kəşfiyyat xidmətinin mütəmadi olaraq Rusiya ordusu daxilindən məlumatlar alıb Ukrayna tərəfinə ötürməsi də müharibənin gedişinə təsir edən amillərdən hesab edilə bilər.

Son bir neçə gündə Ukryan tərəfinin əks-hücum əməliyyatlarına başlaması ilə bağlı məlumatlar yayılmaqda və hətta Xerson kimi strateji əhəmiyyəti böyük olan bölgənin azad edilməsi uğrunda mübarizə getdiyi ilə bağlı informasiyalar verilməkdədir. Həmçinin Ukrayna təfi əraziləri tam şəkildə azad edənə qədər müharibəni davam etdirəcəklərini bildirməsi də mürharibənin gedişinə təsir edən psixoloji amillərdən hesab edilə bilər.

Yayılan digər bir məlumat isə ondan ibarətdir ki, Rusiya müharibədən öncə digər ölkələrə bağışladığı silah-sursat və hərbi texnikanı geri almağa başlayıb ki, bu da Rusiyanın ciddi itkilər verməsindən xəbər verir. Bir müddət öncə Ermənistana verdiyi SU 29 döyüş təyyarələrini, 2018-ci ildə Suriyaya verdiyi S-300 raket kompleksini geri alması, hətta İrandan dronlar alması bu proseslərə sübut olaraq qeyd edilə bilər. Dünən yayılan məlumatlara görə Rusiya Şimali Koreyadan artileriya sistemləri alır ki, bu da artıq Rusiyanın ciddi şəkildə artileriya sistemlərinin sıradan çıxmasından xəbər verir. Burada diqqəti cəlb edən digər önəmli məsələlərdən biri də müharibə başlayandan bəri Rusiyaya tətbiq edilən sanksiyalardır ki, bunun da nəticəsində həm iqtisadiyyat, həm də müdafiə sənayesi ciddi ziyan görür.

Araşdırma və təhlillər onu göstərir ki, müharibə belə davam edərsə, qərb dövlətləri Ukraynaya höm hərbi, həm kəşfiyyat dəstəyini davam etdirərsə, eyni zamanda Rusiyaya qarşı sanksiyalarını davam etdirərsə qarşımızdakı 1 il və ya bir az artıq vaxt ərzində Rusiyanın Ukraynada məğlubiyyəti baş verə bilər.

Samir Hümbətov-politoloq
Xəbəri paylaş