Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın döyüş meydanında və diplomatiyada məğlubiyyətinin DETALLARI

Ermənistanın döyüş meydanında və diplomatiyada məğlubiyyətinin DETALLARI


Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı döyüş meydanında qətiyyətlə alındı. Bu təxribatın Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən öncədən hazırlanması və bunun səbəbləri barədə geniş yazmışdım.

Döyüş meydanında böyük itkilərlə zərbə alan Ermənistan növbəti dəfə beynəlxalq arenada, müxtəlif formatlarda təxribata cəhd etdi və daha da dalana dirəndi.

Birinci çərçivə BMT-nin Təhlükəsizlik Şurasıdır və bu Şuranın 5 daimi və 10 qeyri-daimi üzvü var. Hazırda BMT-nin Təhlükəsizlik Şurasına Fransa rəhbərlik edir. Ermənistanın müraciəti ilə Fransa BMT-nin Təhlükəsizlik Şurasının iclasını çağırdı və müzakirələr başladı. BMT-nin Təhlükəsizlik Şurasının çox böyük siyasi gücü və çəkisi var. Lakin Ermənistanın gözləntiləri baş tutmadı, nəticədə heç bir qərar qəbul edilmədi, bir press-reliz elan edildi, orada da iclasda çıxış edənlərin, o cümlədən Azərbaycanın da mövqeyi əks olundu.

Yalnız Fransa və ABŞ sərhəddə baş verən hərbi münaqişədən şoka düşdüklərini qeyd etdilər. Bu şok isə ATƏT-nin ölü Minsk qrupunun dirildmə cəhdi ilə bağlı idi.

BMT-nin Təhlükəsizlik Şurasının iclası ilə bağlı mənim şəxsi təəsüratım ondan ibarət idi ki, iclasda əsas “dava” gələcək sülh müqaviləsinin hansı dövlətin vasitəçiliyi ilə imzalanması məsələsi idi. Misal üçün bəzi ölkələr Avropa İttifaqı Şurasına, bəzi ölkələr yalnız Rusiyaya, bəziləri isə hər ikisinə istinad edərək, onların post-konflikt dövründəki sülh prosesinə etdikləri moderatorluq fəaliyyətinə yüksək qiymət verir. Qərb istəmir ki, Rusiya regiona sülhü gətirən dövlət kimi görsənsin, Rusiya isə 9 noyabr üçtərəfli bəyanatı ilə əldə etdiyi nəticəni qərbin öz adına çıxmasını ədalətli hesab etmir.

Azərbaycan üçün isə mühüm olan milli mənafeyinə tam cavab verən nəticənin əldə edilməsidir.

Bizim üçün isə tərəf məsələsi ikinci dərəcəli xarakter daşıyır. Çünki Prezident İlham Əliyev həm Avropa İttifaqı Şurası formatında, həm də Rusiya formatında keçirilən bütün üçtərəfli görüşlərdə istədiyi nəticəni əldə edib. Problem ondan ibarətdir ki, Ermənistan hər iki formatda əldə edilən nəticələri icra etmək istəmir, Azərbaycanın ərazi bütövülüyün tanımaq istəmir, əvəzində hansısa status istəyir. Hər iki üçtərəfli formatda isə statusdan bir kəlmə belə yoxdur. Sentyabrın 12-si baş verən təxribat da məhz bununla bağlıdır.

İkinci çərçivə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Ermənistan üzvü olduğu bu təşkilata hərbi müdaxilə üçün müraciət etdi. Nəticədə KTMT üzvləri - Qazaxıstan, Qırğızıstan və Tacikistan sərhədə hərbi əməliyyatlara müdaxilə etmək qərarında veto qoydular. Bu nəticə isə Prezidenti İlham Əliyevin son bir il ərzində hər üç ölkənin rəhbərləri ilə görüşləri və imzalan ikitərəfli müqavilələrlə bağlıdır.

Üçüncü diqqət çəkan məqam isə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri ilə bağlı idi. Əli Kərimli və onun “politoloqları” Fuad Qəhrəmanlı və Gültəkin Hacıbəyli iddia edirdi ki, Nensi məhz sonuncu insidentdən sonra İrəvana gəlmək qərarı verib və Ermənistan ABŞ-la yaxınlaşır.

Birincisi Nensi Pelosi İrəvanda çıxışında qeyd etdi ki, bu səfər sərhəddəki insidentdən öncə planlaşdırılıb. İkincisi Nensi Pelosi brifinq zamanı bildirdi ki, onların Ermənistana səfərinin məqsədi sadəcə “dinləməkdir”.

Bu gün Ermənistan dövlət olaraq heç kimə lazım deyil, əksinə hər kəsə yükdür. Nensinin məqsədi isə cari ilin 8 noyabr tarixində ABŞ-da keçiriləcək seçkilərdə ermənilərin səslərinin əldə edilməsi ilə bağlıdır. İrəvandakı bəyanatları isə sülh prosesini sabotaj etmək məqsədi daşıyırdı. Hansı ki, bu da Ermənistan dövlətinin marağına xidmət edir.
Əlbətdə məqsədindən və zamanlamasından asılı olmayaraq, bu cür birtərəfli səfər elə birinci növbədə ABŞ-ın maraqlarına uyğun deyil.

Bizim üçün mühüm olan ABŞ-ın rəsmi dövlətinin rəsmi mövqeyidir. Məhz buna görə də ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi. Buna beynəlxalq diplomatiyada “courtesy call” deyirlər və balanslaşdırma xarakteri daşıyır.

Bəzi anti-milli media və publik şəxslər Antoni Blinkenin də zəngini təhrif etdilər. Blinken tvittter səhifəsində zəngi ilə bağlı qısa arayış təqdim etdi. Həmin cümlədə belə bir ifadə var idi: “disengage military forces”. Bu ifadəni bəzi anti-milli təfəkkürlü şəxslər “hərbi qüvvələrin çıxarılması” kimi tərcümə etdi, hətda əvvəlinə özlərindən sərhəd sözünü də əlavə etdilər.

Ancaq bu ifadənin mənası hərbi qüvvələrdən istifadə etməməkdir. Hətta dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticəsində bu ifadəni hər iki ölkəyə münasibətdə işlədərək, hərbi qüvvələrdən istifadə etməməyə və diplomatların masaya qayıtmasına çağırış etdi.

Bu fikirləri yazmaqda iki məqsədim var idi. Birincisi İlham Əliyev diplomatiyasının BMT-nin Təhlükəsizlik Şurası,

Avropa İttifaqı Şurası, KTMT və o cümlədən digər formatlarda qalib gəldiyi izah etmək idi.

İkincisi isə yuxarıda qeyd etdiyim beynəlxalq təşkilat və qurumların Azərbaycanı ittiham etməməsinə baxmayaraq, Əli Kərimli və onun “politoloqlarının” Azərbaycanı və Azərbaycan Ordusunu təcavüzkar elan etməsini ifşa etmək idi. Bu şəbəkənin də əsl mahiyyəti budur.

Bu gün Azərbaycan xalqının mövqeyi vahiddir və sosial şəbəkələrdə istifadəçilər həmin qrupların cavablarını artıqlaması ilə verirlər. Mən o dəfə də təklif eləmişdim, yenə deyirəm, Əli Kərimli xarici ölkədə işləyən oğlunun yanına getsin, Gültəkin Hacıbəyli də xaricdə təhsil alan oğlunun yanına getsin, şəhid ailələri və ordumuz üzərindən bazar açmasınlar.

Kamal Cəfərov-Milli Məclisin deputatı
Xəbəri paylaş