ABŞ Nümayəndələr Palatasının üzvü Frenk Pallone Ermənistan İctimai Televiziyasına müsahibəsində Qarabağ münaqişəsinin həllinin “Qərb modeli” ilə Azərbaycanın tərkibində Qarabağa muxtariyyət verilməsi ilə mümkün olduğunu açıqlayıb.
“Azərbaycan da Rusiya və digər ölkələr kimi başa düşməlidir ki, Sovet İttifaqı dövründə muxtar vilayətlər olub. Söhbət təkcə "Dağlıq Qarabağ"dan getmir. Bəli, Azərbaycan Respublika idi, amma "Dağlıq Qarabağ" da muxtariyyət idi və bu davam etməlidir. Yəni Azərbaycan sülh müqaviləsinin iştirakçısı kimi anlamalıdır ki, "Dağlıq Qarabağ"ın statusu var. Orada erməni mədəniyyətini və xalqını qoruyub saxlamaq üçün ona hansısa muxtariyyət verilməlidir”, - F.Pallone deyib.
F.Pallonenin fikirləri Qarabağ münaqişəsinin həllinə yönəlmiş görünsə də əslində ciddi fəsadlara səbəb ola bilər:
Birincisi, F.Pallonenin qeyd etdiyi kimi SSRİ dövründə Azərbaycan Respublika idi və bu respublikanın tərkibində DQMV olub. Lakin DQMV SRRİ dağılandan və Azərbaycan müstəqilliyini elan edəndən sonra sözdə öz müqəddəratını elan etdi və beləliklə muxtariyyət hüququnu itirmiş oldu. Çünki belə bir addım qanunsuz idi. Müqayisə üçün deyim ki, Özbəkistanın daxili subyekti olan Qaraqalpaq Muxtar Respublikası referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyəti var. Lakin DQMV-in heç vaxt belə bir hüququ olmayıb.
İki̇nci̇si̇, F.Pallonen Azərbaycanın tərkibində Qarabağa muxtariyyət verilməsini mümkün hesab edir, lakin unudur ki, Azərbaycan unitar ölkədir. Naxçıvan Muxtar Respublikasından sonra ikinci bir muxtar respublikanın olması bütövlükdə Azərbaycanın unitar respublikadan federativ respublikaya keçməsi deməkdir. Azərvaycanın unitar bütünlüyü isə dəyişməzdir.
Üçüncüsü, Azərbaycanın tərkibində Qarabağa muxtariyyət vermək gələcəkdə Azərbaycan üçün daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Söhbət konkret digər etnosların da muxtariyət tələb etməsindən gedir. Azərbaycanın yaxın keçmişində bənzər hal baş verib və buna görə ölkənin unitar bütünlüyü dəyişilməzdir.
Digər tərəfdən Ermənilərə belə bir imtiyazı vermək digər etnoslara ən azından hörmətsizlikdir.
F.Pallonenin indiki məqamda belə bir təklif irəli sürməsi də əslində təsadüfi deyil. Belə ki, “danışıqlar” prosesi dövründə rəsmi Bakının prosesin diplomatik və dinc yolla həll edilməsi üçün yüksək muxtariyyət təklifi olub. Lakin bu təklif proses dinc yolla həll ediləcəyi təqdirdə keçərli idi. Nəticə etibarilə proses Bakının 44 günlük müharibə ilə torpaqları işğaldan azad edilməsi ilə yekunlaşdı və indiki məqamda belə bir təklif keçərli deyil.
Prezident İlham Əliyev də dəfələrlə çıxışında qeyd edib ki, ermənilərə heç bir muxtariyyət verilə bilməz.
F.Pallonenin bu təklifindən erməni tərəfi də narazı qalıb. Belə ki, “rejimin” qondarma XİN F.Pallonenedən açıqlama tələb edib. Lakin ermənilərin bu reaksiyası gözdən pərdə asmaqdan başqa bir şey olmadığı açıq-aydındır. İndiki məqamda Qarabağa muxtariyyət verilməsi ermənilər üçün ən arzuolunan nəticədir.
Turan Rzayev-politoloq