Bakıda tıxacın iqtisadi səbəbləri daha əsaslı, adambaşına düşən avtomobil sayına fokuslanmaq isə yanlışlıqdır.
Çünki, tıxac səbəbini adambaşına düşən avtomobil sayına görə yox, hər kvadrat kilometrə düşən avtomobil sayına görə hesablamaq lazımdır.
Rusiyada hər 1000 nəfərə 321 minik avtomobili düşür, Azərbaycanda 121. Göründüyü kimi az qala 3 dəfə Rusiyada çoxdur. Amma tıxacla bağlı bu yanaşma köklü yanlışdır.
Rusiyada 47 milyon minik avtomobil var və ərazisinə böldükdə hər kvadrat kilometrə 2,7 (3-dən az) avtomobil düşür. Azərbaycan isə hər kvadrat kilometrə 16 minik avtomobili düşür. Əgər 20% ərazinin də işğala görə hazırda hərəkətdən kənar qaldığını nəzərə alsaq, hər kv. kilometr üçün 20 avtomobil deməkdir. Qazaxstanda isə hər kv. km-ə təxminən cəmi 1 avtomobil (1,2) düşür.
Deməli, əslində əraziyə düşən sıxlığa görə Azərbaycanda Rusiyadan 7 dəfə, Qazaxstandan 16 dəfə çox avtomobil var.
Hələ bu da problemin hamısı deyil. Rusiyada hər birinin əhali sayı milyonlarla ölçülən 9 şəhəri var. Əhali sayı 100 minlərlə ölçülən şəhərlərinin isə sayı-hesabı yoxdur. Amma bizdə Bakıdan sonra cəmi 2 böyük şəhər hesab edilən Sumqayıt və Gəncə var ki, onların da toplam əhali sayı heç heç 700 minə çatmır. Hələ üstəlik Sumqayıt əhalisi də Bakıya axışır, kimi iş üçün, kimi təhsil üçün.
Sumqayıt kimi sənaye şəhərinin əhalisi Bakıya axışırsa, onda Lənkərandan, Şəkidən, Qubadan Bakıya axışan insanlara nə demək olar?!
Bunun bəsit adı urbanizasiyadır. Bütün ölkələrdə inkişaf artıqca urbanizasiya vüsət alır. Amma urbanizasiya təkcə bir şəhərin şişməsi, insanların bir şəhərə toplanması deyil, urbanizasiya həm də belə şəhərlərin sayının da artması prosesidir. Biz isə urbanizasiyanı yalnız paytaxtda hiss edirik. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Tıxac bu fəsadların gözlə görünən ən sadə fəsadıdır
Bəs çıxış yolu nədir?
Bunun 3 yolu var: 1. Regionların inkişafı. 2. Regionların inkişafı 3. Regionların inkişafı.
Regionların inkişafı uğurlu olanda bu prosesin özü böyük şəhərlər yaradır. Bu uzun proses olsa da, amma ən real problem həllidir. Düzdür, regionların iqtisadi inkişafı üçün biz silsiləli proqramlar və tədbirlər icra edirik. Amma yenə Bakı şişməkdə davam edirsə, deməli əlavə olaraq daha nələrsə edilməlidir.
Bəs nədən başlamaq olar?
1. Mütləq kənd təsərrüfatı məhsulları üzrə emalı sahəsində ciddi vergi güzəştlərinə başlanılmalıdır. Bunun regionalara verəcəyi faydaları yazsam, gərək bir kitab yazı yazım. Sadəcə qeyd edim ki, bu addım atılarsa yüzlərlə digər problemlər həllini tapar.
2. Əksər ali məktəblər fərqli regionlara köçürülməlidir. Bunu təkcə tıxaca görə qeyd etmirəm. Bakıda kirayə qalan tələbələr kirayə haqlarını, gündəlik xərclərini rayonlarda xərcləyəcək. Kirayə bazarı canlanacaq. Müəllim heyəti rayonlarda yaşayacaq, pullar orda xərclənəcək. İqtisadi aktivlik orada formalaşacaq. Yardımçı sahələr rayon əhalisinə məşğulluq imkanı yaradacaq. İnsanlar ailəsini, uşağını götürüb çörək dalınca Bakıya qaçmayacaq. Aktivlik artıqca orta məktəblərdə belə canlanmalar artacaq. Müəllimlərin, həkimlərin rayonlarda işləmək istəyi formalaşacaq. Bu da zəngirvari rayon iqtisadiyyatına geridönüş edəcək. Gənclərin “gözəl həyat” arzusu ilə Bakiya axını nisbətən səngiyəcək və s.
3. Hansı qurumların ki, işi birbaşa regionlarla bağlıdırsa, onlar Gəncə şəhərinə köçürülməlidir. Qurumlararası komunikasiyalar onsuz da elektron formatdadır.
Atılmalı olan addımların daha bir neçəsini sadalamaq olar, amma bu 3 addımın ilk ikisini hazırkı məqamda ən vacib hesab edirəm.
Eldəniz Əmirov-iqtisadçı