Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” layihəsinə müraciətlərin qəbulu davam edir.
Newscenter.az xəbər verir ki, 17 oktyabrdan start götürən layihəyə müxtəlif sahələr (qida, tekstil, turizm, təhsil və digər) üzrə KOB subyekti olan qadın sahibkarlar müraciət etməkdədir. Layihədə iştirak etmək üçün daha çox bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar maraqlıdırlar.
Layihə çərçivəsində Qax rayonunda 60 nəfər qadının iştirakı ilə məlumatlandırıcı tədbir keçirilib.
Qeyd edək ki, “Biznesdə Qadınların Gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına qədər olan dövrü əhatə edir. Layihənin sonunda layihənin icrası prosesinə cəlb edilmiş qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün pul mükafatları (1-ci yer 5000 AZN, 2-ci yer 3000 AZN, 3-cü yer 2000 AZN) təqdim ediləcək. Eyni zamanda layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcəkdir.
Layihəyə müraciətlərin qəbulu 18 noyabr 2022-ci il saat 18.00-dək davam edəcək. Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, müraciət edə bilərlər: https://bit.ly/3V3J9Nw
Əlavə məlumat üçün: Aygün Əhmədova, e-mail: [email protected], telefon: (+994) 55 792 24 26.