Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik qatarlarında təmassız ödəniş sistemi təkmilləşdirilir

Elektrik qatarlarında təmassız ödəniş sistemi təkmilləşdirilir


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarında təmassız ödəniş sisteminin təkmilləşdirilməsi üçün bu layihənin tərəfdaşları olan Azərbaycan Beynəlxalq Bankı (ABB) və VISA şirkəti ilə birgə işləri davam etdirir. Bu məqsədlə ABB ilə növbəti ilin ilk rübündən etibarən əlavə 100 ədəd validator alınması, eləcə də il ərzində bütün turniketlərdə təmassız ödəniş sistemindən istifadə üçün 250 yeni validator alınaraq quraşdırılması razılaşdırılıb. Bununla da Abşeron dairəvi dəmir yolu xətti boyunca 14 stansiyadakı bütün turniketlərin hamısının təmassız ödəniş sistemini dəstəkləməsi planlaşdırılır.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə VISA, ABB və ADY-nin birgə tərəfdaşlığı çərçivəsində ölkə ictimai nəqliyyat sektorunda ilk dəfə olaraq təmassız ödəniş sistemi 2021-ci ilin iyun ayında Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən elektrik qatarlarında istifadəyə verilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində yerləşən 14 stansiyada sərnişinlər həm kağız bilet, həm ADY kartları, həm də təmassız ödənişi dəstəkləyən istənilən bank kartları ilə ödəniş edə bilirlər. Bu ilin oktyabr ayına olan məlumata görə, ümumi ödənişlərin 16 faizini bank kartları təşkil edir.

Azərbaycanda ictimai nəqliyyat sektorunda ilk dəfə olaraq təmassız ödəniş layihəsi çərçivəsində “Google Pay” və “Apple Pay” üzərindən də turniketlərdə ödəniş edilməsi mümkün olacaq. Hazırda hər iki xidmət üzərindən ödəniş edilməsi sınaq mərhələsindədir. VISA kart istifadəçiləri üçün həm “Google Pay”, həm də “Apple Pay” xidmətlərinə inteqrasiya müvəffəqiyyətlə başa çatmışdır. “MasterCard” istifadəçilərinin xidmətdən istifadəsi üçün ABB və digər tərəfdaşlar arasında xüsusi texniki inteqrasiya işləri davam etdirilir. Tərəfdaşlarımızın verdiyi məlumata əsasən, texniki inteqrasiya işləri yaxın müddət ərzində tamamlanacaq.

Google Pay və Apple Pay üzərindən ödənişlə bağlı sınaq mərhələsi tam başa çatdıqdan və texniki inteqrasiya işləri tamamlandıqdan sonra bu barədə ADY sərnişinlərinə geniş məlumat təqdim edəcəkdir.
Xəbəri paylaş