Prezident İlham Əliyev “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola Azərbaycan Respublikasının qoşulması ilə bağlı qanun imzalayıb. Azərbaycanın bu Əlavə Protokola qoşulması yerli daşıyıcılara elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) istifadə üçün şərait yaradacaq, onların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına töhfə verəcək.
Newscenter.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan sözügedən Konvensiyaya 2000-ci il 11 fevral tarixində qoşulub. Bu Konvensiyanın əsas mahiyyəti avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdən ibarətdir. Hazırda Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı CMR tətbiq olunur və bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. Belə ki, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılması və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir. E-CMR, həmçinin beynəlxalq bazarda daçıyıcı və ixracatçıların payının artırılması, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarət və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təşviq edir.
“Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” 2011-ci ilin iyun ayında qüvvəyə minib. Əlavə Protokolun əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdan ibarətdir. Elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-ın alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-ın ləğvini nəzərdə tutmur. E-CMR-ın tətbiqinin tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlükləri vardır.
Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ilin yanvar ayında İspaniya və Fransa arasında həyata keçirilib. Hazırda sözügedən Əlavə Protokola 27 ölkə qoşulub.
Sevinc