Bakıda keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun ikinci günü "Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar" və "Unikorna gedən yol: İnvestorların gözləntiləri" mövzularında panel müzakirələr təşkil olunub.
Newscenter.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə dünyada sahibkarlığın artan rolu, bu sahədə yeni trendlər, innovativ inkişaf, startapların maliyyələşdirilməsi, investorların startaplardan gözləntiləri kimi mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.
Həmçinin forum çərçivəsində startapların təqdimatları davam edib, iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, 17-18 noyabr tarixlərində keçirilmiş Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilib.
Sevinc