Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəhbərin böyüklüyü ondadır ki, işini tərk etdikdə də rəhbər kimi sayılsın

Rəhbərin böyüklüyü ondadır ki, işini tərk etdikdə də rəhbər kimi sayılsın


Qorxutmaq yaxşı idarəçi, rəhbər olmaq deyil. Kimsə balasını, ailəsinin dolanışığını göz önünə alıb hansısa haqsızlığa, təhqirə, kobudluğa susursa, tabe olursa, bu, həmin rəhbər üçün başucalığı yox, başıaşağılıq gətirər. Qazancı isə nifrət olar. Tələbkar idarəçi ola bilərsən, işlər hamısı qaydasında gedə bilər, amma insan olmağı da unutmamalısan.

Ümumiyyətlə, bu həyatdakı əksər problemlərin, çatışmazlıqların kökündə sevgisizlik dayanır. İşçi candərdi, evinə pul aparmaq üçün işləməməlidir. Kollektiv yaxşıdırsa, rəhbər səmimi, sevilən insandırsa, işçi də o kollektivin fəaliyyətinin yaxşı olmasına can atır. Müəssisədə ilk öncə bu, bizik, bura bizimdir fikrini aşılamaq lazımdır. İşçilər arasında ayrı-seçkilik qoyub ədavət yaratmamaq, birinin uğuruna hamının sevinməsi üçün qazanılan hər uğuru kollektiv şəkildə qeyd etmək, sosial şəbəkə səhifələrində işıqlandırmaq gərəkdir. Əgər onlar arasında paxıllıq, qısqanclıq hiss edirsinizsə, o insanlarla təklikdə söhbət aparın, onlarda yoldaşlıq, kollektivçilik fikirlərini aşılayın. Sevgi hissləri yaradın. Bəli, bu, zəhmət tələb edir. Bəli, bu, rəhbəri yorur. Bəli, bu, dərhal effekt vermir. Sən bunun üçün dəfələrlə cəhd etməlisən, ümumi görüşləriniz zamanı guya sadəcə yoldaş olaraq söhbət edirmiş kimi yavaş-yavaş onun şüuraltına təsir etməlisən. Rəhbərin işi əmr verib kağız möhürləməkdən ibarət deyil. Rəhbər həm də kadr yetişdirməlidir. Onun cəmiyyət üçün, dövlət üçün faydaylı insan olmağını qarşıya məqsəd qoymalıdır. Müəllifini unutmuşam, amma dəftərimin küncündə nə vaxtsa qeyd etmişəm bu fikirləri: "Kim ki, hər şeyi qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur". Xüsusən də qeyd etdiyim kimi, kiçik kollektivlərdə kresloya yayxanıb əmrlər vermədən, kömək edərək, istiqamət verərək, öyrədərək, birlik yaradaraq işlədikdə nəticə daha uğurlu olur.

Rəhbərin böyüklüyü ondadır ki, işini tərk etdikdə də rəhbər kimi sayılsın, hörmət edilsin, məsləhət alınsın, əvvəllər tabeçiliyində çalışmış insanlar onu gördükdə üzünü çevirib yolu dəyişməsin. Təəssüf ki, bəzən ta uşaqlıqdan bəri ailədə, məktəbdə, universitetdə əzilmişlik zədələri alan insanların əlinə kiçik, lap kiçik bir müəssisə rəhbərliyi keçəndə sanki, o illərin acısını, heyfini almağa çalışırlar. Hər addımda rəhbər olduqlarını xatırlatmaqdan, tabeçiliyində olanları əzməkdən, aşağılamaqdan zövq alırlar ki, bu da yuxarıda qeyd etdiyim kimi, keçmişdəki psixoloji zədələrin nəticəsində yarana bilir. Bu insanlar sadəcə ya zəlzələdən, ya vəlvələdən rəhbər olurlar, amma lider olmağı bacarmırlar. Yaradıcılıqları yoxdur, gələcəyə hesablanaraq iş görə bilmirlər, onlar üçün nəticənin yaxşı olması önəmli deyil. Əsas olan odur ki, hal-hazırda o, rəhbərdir, filan qədər işçisi var, onun əmrinə tabedirlər, tabe olmayanı qanuni və ya qeyri-qanuni şəkildə cəzalandıra, töhmət verə bilir. Əməkdaşın yaradıcı fikri, təklifi, təşəbbüsü ilə razılaşmırlar, haqqını bilən və tələb edənlərlə prinsip aparırlar (əsas iş qalır kənarda), "Şah qanundur" düşüncəsi ilə iş görürlər. Belə desək, müəssisəni dədə mülkü, işçiləri isə qul-qaravaşları hesab edirlər. Öz şəxsi işlərində onların əməyindən istifadədən nəinki çəkinmir, hətta bunu işçinin borcu kimi başa düşürlər ki, bu da özbaşınalığa, harınlığa gətirib çıxarır. Və ən qorxulusu odur ki, bu insanlar hansısa yollarla daha böyük vəzifələri tutanda 5-6 insanın yox, artıq böyük kütlənin, toplumun qanını sümürən yırtıcıya çevrilirlər. Bir də bəzi həssas məqamlar var ki, onları ən azından iş təcrübəmə əsaslanaraq tövsiyə edərdim. İstedadlı, yaradıcı işçilərin başından basmayın, onların özəlliyini dəyərləndirin, həvəsləndirin, onlarla fəxr etdiyinizi söyləyin və həqiqətən də fəxr edin. Unutmayın, yaradıcı insanın istədiyi sizin kreslonuz yox, dəstəyiniz, meydan verməyinizdir. Siz onları gizləməyə çalışdıqca, onlar da başqa yollar tapıb özlərini sübut etməyə çalışacaqlar və münasibətləriniz getdikcə gərginləşəcək. Kollektivinizdəki insanları başqalarına "işçim" kimi təqdim etməyin. Əməkdaşımızdır desəniz, daha uyğundur. Amma təəssüf ki, çox rəhbərlər bu ifadəni işlətməkdən həzz alır və bilin ki, heç bir əməkdaş o sözdən xoşlanmır. İşiniz başınızdan aşsa da, onların problemini dinləyin ki, gedib çarə üçün uyğun olmayan adamlardan məsləhət alıb uyğun olmayan işlərdən yapışmasınlar. Kollektivdə birimiz hamımız üçün, hamımız birimiz üçün prinsipi ilə çalışmağı öyrədin. Əsəbi olduğunuz zaman, yaxud bilməyərəkdən hansısa əməkdaşın qəlbini qırmısınızsa, həmən olmasa da, bir gün sonra onunla söhbət edin, mövzunu çox qabartmadan könlünü alın, onun üzündə təbəssüm yaratmağa nail olun. Bəzən üzr istəməyi də bacarın. Bu, sizi kiçiltməyəcək, əksinə, böyüdəcək və onun içindəki kin çəkiləcək.

Yaxşı nümunə olun ki, sonra kadrlarınızla öyünə biləsiniz.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş