Qərb mənşəli modernləşmə 18-ci əsrdən başlayaraq islam dünyasına təsir etməyə başlayıb. Sonrakı dövrlərdə bu təsirlər getdikcə çoxalıb və nəticədə modernləşmə müsəlman toplumlarında geniş sahələrə ayaq açaraq möhkəmlənib. Toplumun quruluşu, dövlət modeli və s. kimi amillər nəticəsində ölkədən ölkəyə dəyişsə də, hər birinə ciddi təsirlərin olduğu danılmazdır. Lakin islam dünyasında nə modernləşmə başa çatıb, nə də bu modernləşmənin özü ilə gətirdiyi problemlər tam həllini tapıb. Modernləşmə Qərb mənşəli olduğu halda Şərqə təsirləri nəticəsində ortaya çıxan sancılar Şərq mənşəlidir. Şərq mənşəli sancılara idə Qərb mənşəli reseptlər tam çarə ola bilmir. Şərq isə axtarışdadır.
Son günlərin ən aktual mövzusu olan Ronaldonun Ərəbistanın ən-Nəsr klubuna transferi və Ronaldonun ailəsinin də bu ölkədə yaşayacağı məsələsi Şərqdə, əsasən islam dünyasında, xüsusilə də şəriət qanunlarının tətbiq olunduğu bir ölkədə modernləşmənin, Qərb təsirlərinin davam etməsini və bu məsələdəki bir daha daha açıq şəkildə gündəmə gətirdi. Sosial şəbəkələrdə Ronaldonun nikahsız yaşadığı və ya girlfriend adlandırılan Corcinaya Ərəbistanda verilən şəxsiyyət vəsiqəsi yayılıb. Bu vəsiqənin nə qədər həqiqəti əks etdirib etdirmədiyini bilmirəm. Amma düşnürəm ki, vəsiqəyə nəyinsə əlavə edilməsimə ehtiyac yoxdur. Vəsiqədə "Rəbbul usrə"- "Ailə başçısı" yerinə Ronaldonun adı, aşağıda isə Corcinanın Ronaldo ailəsindəki mövqeyni göstərən "Sılatu Qurabə"-"Yaxınlıq dərəcəsi" yerinə isə "Mülk yəmin"-"Cariyə" yazılıb. "Mülk yəmin" ərəbcə deyimdir. Sağ əlin sahib olduğu deməkdir. Sağ əl isə güc mənasını ifadə edir. Yəni ailə başçısının sahib olduğu mənasına gəlir.
Sonda: Girlfriend "Mülk yəmin" termininin içərisinə sığırsa, deməli qloballaşmanın təzyiqi ilə modernləşməyən toplum qalmayacaq tezisi özünü bir daha doğruldur. Gələcyi isə "girlfriend" və "mülk-yəmin" kimi terminlər arasındakı əlaqələr müəyyənləşdirəcək.
Mehman İsmayılov-Mənəvi Dəyərlərin Təbliği Fondunun sədri