Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir fotonun izi ilə və ya sovetlərin Naxçıvana ilk hədiyyəsinin aqibəti necə oldu?

Bir fotonun izi ilə və ya sovetlərin Naxçıvana ilk hədiyyəsinin aqibəti necə oldu?


Babam təhsilli, dünyagörüşlü bir kişi olub. Bəy nəslindən idilər. Şərurun bir çox yerlərində torpaq sahələri, meyvə bağları var idi. Yəni imkanlı idilər. Hər halda sovetin ilk qurulan illərində Ərəbyengicədən gedib uzaq Peterburqda ali təhsil alıb aqronom olmaq hər oğulun işi deyildi. Naxçıvana qayıdandan sonra o vaxt təsərrüfat məktəbi var idi, əvvəlcə orada müəllim, sonra direktor işləmişdi. Sonra tale onunla elə bir oyun oynadı ki, buralardan birdəfəlik didərgin düşdü, elə Naxçıvan camaatına təqdim etdiyi sovetlərin ilk hədiyyəsi də...

Şərur rayonunun Yengicə kəndində yaşayan 72 yaşlı Mirmusa Seyidovla söhbətimiz uzun çəkir, babası Əmişbəyin evdə fotoşəkilinin olub-olmamasını soruşuruq. Bir fotosu vardı xrom çəkmələrdə oturmuş vəziyyətdə – o şəkili mən görmüşdüm – deyir, ancaq indi tapa bilmirəm, bəlkə də qohumlardan kimsə götürüb, ancaq axtaracam, tapsam sizə xəbərim çatacaq. Məndə olan Türkiyədəki ailəsinin şəkilləridir, daha doğrusu qızlarının. Yadımdadır Hüseyn Azəri gələndə bu fotoşəkilləri özü ilə gətirmişdi.

Hüseyn Azəri kimdir?

Əmişbəyin bacanağı. Əgər o olmasaydı, babamın öldü-qaldısından xəbərimiz olmayacaqdı. Əslində onu da burada babamın qohumu kimi çox incidiblər, ancaq Hüseyn Azəri uzun müddət Türkiyədə yaşamalı olsa da, sonra min bir əziyyətlə Naxçıvana qayıda bildi, elə burada da dünyasını dəyişdi...

Hüseyn Azəri haqqında bir azdan bəhs edəcəyəm. Amma indi qayıdaq əvvələ, daha dəqiqi başı bəlalı 30-cu illərə. Ona görə başıbəlalı ki, həmin dövrdə Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da kolxozlaşmanın yayılması və buna qarşı çıxanların təqibə alınması, xalqın ziyalı təbəqəsinin və xan-bəy nəslindən olanların repressiyaya məruz qalması Azərbaycan tarixinin ən agır dövrlərindən birini təşkil edir. Bu, elə bir dövr idi ki, yeri gəldi-gəlmədi, günahın oldu, ya olmadı, ən kiçik səhv belə hökumət tərəfindən bağışlanmırdı. Elə Əmişbəy də belə haqsızlıqların birinin qurbanı olmuşdu...

28 iyul 1930-cu il. Katib H. Mahmudovun imzaladığı dekretlə Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasının 10-cu ildönümü əsl bayram kimi qeyd edilir. Naxçıvan şəhərinin mərkəzi meydanı proletariatın dahi rəhbərinin portretləri ilə bəzədilir, hər tərəfdə sovetləşməni təbliğ edən plakatlar asılır. Ayrı-ayrı təşkilatların əmək kollektivləri əllərində qırmızı bayraqlar tribuna önündən keçirlər. Tədbirin ən maraqlı hissəsi isə Rusiya Federasiyası maşınqayıranlarının Naxçıvan əməkçilərinə bayram hədiyyəsi kimi göndərdiyi Xarkov Traktor Zavodunun (XTZ) istehsalı olan üçtəkərli traktor olur. Bu, həm də Naxçıvana gətirilən ilk traktor idi. Naxçıvan Təsərrüfat Məktəbinin balansına verilən bu traktoru elə həmin məktəbin direktoru Əmişbəy Əfəndizadə işə salaraq tribuna önündə dayanmış rəhbər işçilərin qarşısından təntənə ilə keçir. Alqış sədaları hər tərəfə yayılır. Amma... amma bir həftə sonra məktəbin təcrübə sahəsində traktor nədənsə işə düşmür. Tezliklə Naxçıvan Fövqəladə Komissarlığı bundan xəbər tutur və Əmişbəyi ciddi sorğu-suala alır. Sovet hədiyyəsinə “biganə münasibətin” nəticəsinə görə hətta onu “sinfi düşmən” kimi də hədələyir. Az sonra isə fövqəladə komissarlıq Əmişbəyi tövsiyyəsi ilə Şərurun Dərvişlər kəndi ərazisində Moskvanın iradəsinə zidd olaraq pambıq əvəzinə bugda əkini aparılmasını “irad tutur” və bu yöndə araşdımalara başlayır. Əmişbəy artıq vəziyyətin xoşagəlməz səmtə getdyini görüb Ərəbyeycəyə gəlir və qohumları ilə halallaşaraq təqiblərdən yaxa qurtarmaq üçün gecə ikən Arazı adlayıb İgdıra qaçır. Ancaq gedərkən həyat yoldaşı Münəvvər xanımdan boşanmağa da vaxt tapır. Münəvvər xanım isə iki balaca qızı Zino və Tacirə ilə bu amansız həyatın çətinlikləri ilə barışmağa məcbur olur. Zino tez dünyasını dəyişir, Tacirə xanım isə Şərurun Yengicə kəndinə ərə gedir. Mirmusa Seyidov da elə Tacirə xanımın (el arasında hamı onu Tacı xala kimi çağırıb) oğludur.

Əmişbəyin buradan getməsi bacanağı Hüseyn Fərəcova da təsir edir. Belə ki, Hüseyn Əmişbəylə çox yaxın münasibətdə, həm də qohum olduğuna görə dövlət qurumlarının nümayəndələri onu da sıxışdırır, sorğu-suala tuturlar. Nəticədə o da kənddən çıxmağa məcbur qalır və soraqlaşa-soraqlaşa Əmişbəyi gedib Ərzurumda tapır.

Ərəbyengicənin ziyalı, yaşlı sakinlərindən olan Cavad Abdullayev deyir ki, Əmişbəy ali təhsilli, bacarıqlı aqronom olduğuna görə uzun müddət Ərzurumda kənd təsərrüfatı sahəsində çalışır. Elə Hüseyn Fərəcov da onun yanında işləyir. Amma sovetlərin təqibi burada da onları rahat buraxmır və Əmişbəyin Ərzurumda olduğunu bildikdən sonra günlərin bir günü Çomaxtur kəndindən sovetlərin ələ aldığı bir nəfəri (biz onun ad və soyadını bilirik, ancaq yazmırıq) Əmişbəyi aradan götürmək məqsədi ilə Ərzuruma göndərirlər. Ancaq Əmişbəy ayıq və dünyagörüşlü insan olduğundan məsələni tez anlayıb onu buradan uzaqlaşdırmağı bacarır, hətta deyilənlərə görə gətirib sərhəd yaxınlığından yola da salır və indiyə qədər də çoxlarının yaddaşında qaldığı o məşhur kəliməsini işlədir: rus qalayı türk qazanını parıldatmaz! Kimsə özünə əziyyət verib dalımca gəlməsin!

Bir müddət sonra artıq Vətənə dönə bilməyəcəklərini anlayan Əmişbəy Nemanzadə (Türkiyədə bu soyadla yaşayır) və Hüseyn Fərəcov (onu isə hər kəs Hüseyn Azəri olaraq tanıyır) taleyin qismətinə boyun əyib elə buradaca ailə həyatı qurub yaşamalı olurlar. Hətta Əmişbəyin İmran və Pərihan adında iki qızı da olur. İmran xanımın həyat yoldaşı Ziya Alkan uzun müddət Ərzurum Universitetinin kənd təsərrüfatı fakültəsində müəllim işləyir. Hüseyn Fərəcovun isə Türkiyədə ailə həyatı qurduğu Nuriyyə xanımdan övladı olmur. Amma tale onun başqa cür üzünə gülür. Belə ki, 1966-cı ildə o, arvadı Nuriyyə xanımla birgə Naxçıvana qonaq kimi gələ bilir. Qohumlarının dediyinə görə, rəsmi qurumların icazəsinə baxmayaraq Türkiyədən Ermənistana, oradan isə Naxçıvana gələn Hüseyn Azəri yolboyu bir çox ciddi yoxlamalara məruz qalır. Nəhayət ki, Ərəbyengicədə onları həyat yoldaşı Səkinə xanım, oğlanları Adil, Rəşid, Kamil, qızları Rübabə, Şeyda və Zərri qarşılayır. Bütün kənd camaatı, qohum-tanışlar yenidən onların başına yığışır. Hər kəs sevinir, oturub onlarla dərdləşir. Söhbət Əmişbəyə gəldikdə isə... Hüseyn Azəri onun bir müddət əvvəl vəfat etdiyini söyləyir. Dəfnində Ərzurumun xeyli elm və dövlət adamlarının iştirak etdiyini bildirir. Elə özü ilə gətirdiyi Əmişbəyin qızlarına aid fotoşəkilləri də çıxarıb qohumlarına verir.

Bir ay qaldıqdan sonra Hüseyn Azəri Türkiyəyə geri dönmək məcburiyyətinə qalır, artıq onlara verilmiş vaxt tamam olurdu. Hə, bir də buradan gedərkən özü ilə bir az kəndin torpağından götürür... Əmişbəy Nemanzadənin Ərzurum-Xorasan yolunun kənarındakı qəbirstanlıqda yerləşən məzarının üstünə səpmək üçün...

Lakin tale Hüseyn Azəriyə başqa bir “sürpriz” də hazırlamışdı. Ərzuruma qayıtdıqdan bir müddət sonra Nuriyyə xanım dünyasını dəyişir. Əmişbəyin və həyat yoldaşının vəfatından sonra heç yerdə özünə yer tapa bilməyən və artıq yaşlaşmış Hüseyn Fərəcov yenidən Naxçıvana dönmək üçün Türkiyədəki rəsmi qurumlara, Rusiya səfirliyinə məktublar yazmağa başlayır. Və nəhayət, müsbət cavab ala bilir... Lakin Ərəbyengicəyə qayıtdıqdan qısa müddət sonra burada dünyasını dəyişir. Elə kənd qəbirstanlığında da dəfn olunur. Başdaşının üzərində isə elə bu cür yazılır: “Fərəcov Hüseyn Azəri 1890-1972”

... Naxçıvana gətirilən ilk traktorun “taleyi” də ürəkaçan olmur. Bir müddət təsərrüfat işlərində istifadə olunduqdan sonra traktor uzun illər Naxçıvan Elmi Bazasının yardımçı təsərrüfat sahəsində açıq havada qalır. Sonrakı illərdə isə MTS-in darvazası qarşısına qoyulur. Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi qeyd olunanda isə həmin traktoru təmizləyib, rəngləyib muzeyə (indiki Heydər Əliyev Muzeyinin binasına, xalq təsərrüfatı nailiyyətləri sərgisi də ola bilər) gətirirlər. Sonra isə ötən əsrin 90-cı illərinədək traktor keçmiş Naxçıvan Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin həyətində (indiki Naxçıvanşünaslıq Mərkəzi ilə üzbəüz) saxlanılır. Sonra isə bu başıbəlalı traktor oradan birdəfəlik yoxa çıxır... və “Tarixin yaddaşı” kitabının müəllifi mərhum Feyruz Bağırovun yazdığına görə, elə həmin illərdə traktor işbazlar tərəfindən “metallom” adı ilə İrana satılır. Müəllifin dili ilə desək: “Hazırda həmin traktor İran İslam Respublikasının Xorasan ostanının Məşhəd şəhərinə gedən turistləri Gülab Zavodu darvazasının yanında nikbinliklə “salamlayır”. Bizə isə sovetlərin bu ilk hədiyyəsinə yalnız fotolarda baxmaq qalır. Heydər Əliyev Muzeyində saxlanılan fotoşəkli deyirəm...

Səbuhi HƏSƏNOV

"Şərq qapısı"
Xəbəri paylaş