İkinci Qarabağ müharibəsinin yekun nəticəsi olaraq, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında 3 tərəfli bəyanat imzalandı və razılığa gəlindi ki, gündəlikdə duran məsələlərin həllindən sonra prosesin məntiqi davamı olaraq Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalansın. Lakin artıq 10 Noyabr bəyanatının üzərindən 2 ildən çox vaxt keçib və qarşı tərəf qeyri-konstruktiv mövqe nümayiş etdirərək nəyinki sülh müqaviləsi, bu müqaviləni şərtləndirən işlərin icrasına belə maraq göstərmir.
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, gözlənilənlərin əksinə olaraq, İrəvan hakimiyyəti sürətlə silahlanma istiqamətini seçib və ölkə daxilində revanşist meyllərin artdığını da müşahidə edirik:
"Təbii ki, Paşiniyanın ikili siyasət aparmasının səbəbi olaraq bir neçə faktor mövcuddur. Ən əsası isə havadarları tərəfindən verilən vədlər və dəstəklərdir. Anacaq ölkəmiz ötən il siyasi arenada Ermənistan və onun əsas himayədarı olan Fransa üzərində parlaq qələbə qazandı və İrəvan-Paris cütlüyünün bütün planları alt-üst oldu. Hesab edirəm ki, bu il iki ölkə arasında sülh müqaviləsinin imzalanması ehtimalları yüksəkdir. Çünki Ermənistan tərəfi ölkəmizə qarşı yönəlmiş siyasi həmlələrinin fayda vermədiyini anlayır. İkinci seçim kimi hərb yolu da istisna deyil. Lakin iki ölkə arasında olan güc balansı ölkəmizin lehinədir. Azərbaycan bütün parametrlər üzrə Ermənistanı böyük fərqlə üstələyir və qarşı tərəfin hər hansı bir hərbi aktivliyi onlar üçün məğlubiyyətlə nəticələnəcəyi danılmazdır. Bunu Nikol Paşiniyan da yaxşı anlayır. Fikrimcə o, bu risqi gözə almaz. Çünki günün sonunda ölkəsinin varlığı sual altına düşə bilər".
Mehman